Portuqaliya ilə siyasi məsləhətləşmələr keçirilib

Portuqaliya ilə siyasi məsləhətləşmələr keçirilib
  10 Aprel 2025    Oxunub:1038
Bakıda Azərbaycan Respublikası və Portuqaliya Respublikasının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Portuqaliya Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin baş direktoru Helena Malkata rəhbərlik edib.

Görüşdə Azərbaycan-Portuqaliya arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı rəsmi səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Tərəflər arasında iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat, yüksək texnologiya sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən strateji enerji və nəqliyyat-infrastruktur layihələrinə dair geniş fikir mübadiləsi aparılıb.

Nazir müavini F.Rzayev Azərbaycanın iqlim diplomatiyası və qlobal iqlim gündəliyinə töhfələri, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində irəli sürülən təşəbbüslər və əldə olunan nailiyyətlərdən danışıb.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, sülh prosesində mövcud əngəllər, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri haqda ətraflı məlumat verilib.

Sonda tərəflər arasında qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti