Moskva Kiyev ilə birbaşa danışıqların şərtlərini açıqlayıb

   Moskva Kiyev ilə birbaşa danışıqların şərtlərini açıqlayıb
  11 Aprel 2025    Oxunub:608
Rusiya Ukrayna münaqişəsinin həlli üçün “real təklifləri” müzakirə etməyə hazırdır.
AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk belə deyib.

“Rusiya tərəfi müasir reallıqları nəzərə alan və Ukrayna böhranının əsas səbəblərinin aradan qaldırılmasına və həqiqətən hərtərəfli, ədalətli və davamlı sülhün əldə edilməsinə səbəb olan ciddi və real təkliflərin müzakirəsinə açıqdır”, - Rusiya XİN-in təmsilçisi münaqişə tərəfləri arasında birbaşa danışıqların şərtləri barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Kiyev danışıqlara hazır olmadığını nümayiş etdirir. Belə ki, məhz Ukrayna tərəfi 2022-ci ilin aprelində Rusiya ilə birbaşa əlaqəni dayandırıb. Bundan əlavə, həmin ilin sentyabrında Kiyev Rusiya rəhbərliyi ilə danışıqlara rəsmi qadağa tətbiq edib və bu qadağa indiyədək də qüvvədə qalır.

Polişuk həmçinin bildirib ki, Rusiya ATƏT-in Ukraynadakı “yalançı sülhməramlı” missiyası ilə ssenarinin təkrarlanması ehtimalını qəbul etmir və “hər hansı xarici müdaxilənin” əleyhinədir.

Xatırladaq ki, dünən İstanbulda Rusiya-Amerika danışıqlarının ikinci raundu başlayıb. Burada müzakirələr, ilk mərhələdə olduğu kimi, Rusiya ilə ABŞ arasında diplomatik münasibətlərə toxunur və Rusiya-Ukrayna müharibəsi görüşün gündəmində yoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   danışıqlar  





Xəbər lenti