Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq

Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq
  11 Aprel 2025    Oxunub:444
Parlamentdə “Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Bu məsələ Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının hüquqi statusunun daha ətraflı tənzimlənməsi, həmçinin bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun qüvvədə olan 28.3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Bununla əlaqədar olaraq layihədə müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normaların kursantlara münasibətdə də tətbiqi və bir sıra maddələrdə “əsgər” ifadəsindən sonra “kursant” ifadəsinin əlavə edilməsi təklif olunur.

Sənəddə, həmçinin kursantlar tərəfindən hərbi xidmətdə və təhsildə daha yüksək nəticələr əldə edilməsinə səy göstərilməsi, motivasiyanın artırılması məqsədilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna əlavə edilməsi nəzərdə tutulan 23-1-ci maddəyə əsasən, onlara Qanunun 22-ci maddəsi ilə (həmin maddənin “v”, “e”, “ə” və “i” bəndləri istisna olmaqla) müəyyən edilən həvəsləndirmə tətbirlərinin tətbiq edilməsi təklif edilir. Qanuna əlavə edilməsi təklif edilən 48-1-ci maddədə isə kursantlara münasibətdə tətbiq edilən intizam tənbeh tədbirlərinin növləri müəyyən edilir. Qeyd olunub ki, kursantların məsuliyyətinin, hərbi təhsilin və xidmətin effektivliyinin artırılması məqsədilə layihədə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna əlavə edilməsi nəzərdə tutulan 139-1-139-4-cü maddələrdə kursantların vəzifələri ətraflı olaraq müəyyən edilir.

Bununla yanaşı, layihədə kursant hərbi rütbəsinin əsgər (matros) hərbi rütbəsinə bərabər tutulması, normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətlərinin qanunvericiliklə əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın son yaş hədlərinə uyğun hesablanması, gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzasının tətbiq edilməməsi barədə normalar, habelə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti