Ağ Ev Qrenlandiyanın ilhaq planını hazırlayıb

   Ağ Ev Qrenlandiyanın ilhaq planını hazırlayıb
  11 Aprel 2025    Oxunub:726
Prezident Donald Trampın administrasiyası Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməsi təşəbbüsünün həyata keçirilməsi ilə bağlı göstərişlər hazırlayaraq müvafiq departamentlərə göndərib.
AzVision.az xəbər verir ki, ABŞ hökumətindəki mənbəyə istinad edən “The New York Times (NYT)” qəzetinin yazdığına görə, plan adanın əhalisini müstəqil şəkildə Birləşmiş Ştatlara qoşulmağı müdafiə etməyə inandırmaq məqsədi daşıyan kütləvi informasiya kampaniyasına başlamağı nəzərdə tutur.

Başqa bir mənbəyə görə, Trampın müşavirləri bu ideya ilə bağlı qrenlandiyalılar arasında əlverişli ictimai rəy yaratmaq üçün reklam vasitələrindən istifadə etməyi və sosial şəbəkələrdə aktiv təbliğat aparmağı düşünürdülər.

“Planın həyata keçirilməsi üçün ilk addımlar artıq atılır. Xüsusilə, Amerika hakimiyyəti Danimarkanın Qrenlandiya sakinlərinin rifahına kifayət qədər əhəmiyyət vermədiyini açıq şəkildə bildirərək, adanın Rusiya və Çindən gələn potensial təhlükələrdən qorunmasını yalnız ABŞ-ın təmin etməyə qadir olduğunu vurğulayır. Tramp həmçinin Amerikanın qrenlandiyalılara “varlanmağa” kömək edəcəyi vədini verib”, - NYT bildirir.

Bundan əlavə, ABŞ prezident administrasiyası ada sakinləri üçün iqtisadi təşviq variantlarını araşdırır. Təkliflər arasında Danimarkanın illik təxminən 600 milyon dollarlıq subsidiyalarını hər qrenlandiyalı üçün təxminən 10 min dollarlıq birbaşa ödənişlərlə əvəz etmək də var.

Nəşrin məlumatına görə, Tramp administrasiyasının bəzi rəsmilərinin fikrincə, bu xərclər Qrenlandiyanın zəngin təbii ehtiyatlarının, o cümlədən nadir torpaq elementlərinin, misin, qızılın, uranın və neftin hasilatı ilə ödənilə bilər.

Ağ Ev Qrenlandiya ilə bağlı xərcləri hesablayır
“Washington Post (WP)” daha əvvəl qeyd edib ki, bu resursların hasilatının iqtisadi əhəmiyyəti şübhə doğurur. Belə ki, istehsal qeyri-sabit ola bilər və regionun sərt iqlimi layihələri çətinləşdirir. Üstəlik, Qrenlandiya hakimiyyəti yataqların istismarı ilə bağlı təklifləri dəfələrlə rədd edib.

Xatırladaq ki, Qrenlandiyaya sahiblik və nəzarətin “mütləq zərurət” olduğunu bəyan etmiş Donald Tramp bun ABŞ-nin milli təhlükəsizliyinin təminatı ilə əsaslnadırıb. Qrenlandiyanın baş naziri Mute Eqede “Qrenlandiya satılmır” cavabını verib.

Tramp hələ ilk prezidentlik dövründə Qrenlandiyanı ilhaq etmək planlarını açıqlasa da, onda rədd cavbı aldı. Bu il martın 29-da “NBC News” telekanalına verdiyi müsahibədə adanı ilhaq etmək planlarını yenidən gündəmə gətirən ABŞ prezidenti “bunu hərbi güc olmadan edə biləcəyimiz ehtimalı var” desə də, “heç nəyi istisna etmədiyini” də vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Qrenlandiya  





Xəbər lenti