ASAN modeli BMT ekspertlərinin müzakirəsində

ASAN modeli BMT ekspertlərinin müzakirəsində
  11 Aprel 2025    Oxunub:361
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev BMT-nin Nyu-Yorkdakı Mənzil Qərargahında keçirilən Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 24-cü sessiyasında çıxış edib.
CEPA24 sessiyası “Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün dayanıqlı, inklüziv, elmi və sübuta əsaslanan həll yollarının irəlilədilməsində idarəetmə və institusional yanaşmalar” mövzusuna həsr olunub.

Dövlət Agentliyinin sədri bildirib ki, Azərbaycan son illərdə dövlət xidmətlərinin inkişafı sahəsində beynəlxalq miqyasda nümunəvi təcrübə formalaşdırıb. O qeyd edib ki, 2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” qısa müddət ərzində regionda və dünyada innovativ idarəetmə modeli kimi tanınıb: “ASAN xidmət vətəndaş mərkəzli idarəetmə prinsiplərinə əsaslanır və bu model "Heç kimi kənarda qoymamaq" fəlsəfəsini təcəssüm etdirir.

Bu gün ASAN modelinin 30-dan çox ölkəyə ixrac olunduğu diqqətə çatdırılıb.

Ü.Mehdiyev çıxışında qeyd edib ki, COP29 zamanı BMT ilə birgə yaradılmış Etimad Fondu mühüm təşəbbüslərdən biridir və Fond vasitəsilə Azərbaycan az inkişaf etmiş dövlətlərə, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə, dənizə çıxışı olmayan dövlətlərə və digər inkişaf etməkdə olan ölkələrə dövlət xidmətlərinin inkişaf etdirilməsi sahəsində texniki dəstək, təlimlər və resurslar təqdim etməyə hazırdır. Bu fondun dövlət idarəçiliyində innovasiya və potensialın artırılmasına xidmət edəcəyi, institusional dayanıqlığın gücləndirilməsində və DİM-lərin reallaşdırılmasında mühüm vasitəyə çevriləcəyi diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvləri Azərbaycan Respublikası tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən fəaliyyəti və "ASAN xidmət" tərəfindən əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.

Eyni zamanda səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə BMT Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini arasında görüş keçirilib. Görüş zamanı Li Jenhua ötən ilin noyabr ayında ölkəmizə səfəri məmnunluqla xatırladığını qeyd edib. “ASAN xidmət” tərəfindən həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirdiyini və digər ölkələrin bu təcrübədən faydalanması istiqamətində hər zaman dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti