Qadınları dəstəkləyən İranlı müğənni cəzalandırıldı

   Qadınları dəstəkləyən İranlı müğənni cəzalandırıldı
  06 Mart 2025    Oxunub:442
Məşhur iranlı müğənni Mehdi Yarrahi İranın qadın geyim koduna etirazları dəstəklədiyi mahnıya görə 74 şallaq zərbəsi alıb.
AzVision.az “The Guardian” nəşrinə istinadən bildirir ki, bu cəza tədbiri ona qarşı cinayət işinə xitam verildiyi razılaşmanın bir hissəsi kimi həyata keçirilib.

Yarrahi 2024-cü ilin yanvarında “Qadınlar, Həyat, Azadlıq” qiyamının ildönümünü qeyd etmək üçün 2023-cü ilin sentyabrında “Your Headscarf” (Roo Sarito – Sənin hicabın) mahnısının yayımlanmasından sonra “qanunsuz hərəkətlər”də təqsirli bilinib. Mahnıda o, qadınlara tətbiq olunan məcburi hicaba və digər qadağalara etiraz edib.

Müğənni əvvəlcə bir il həbs cəzasına məhkum edilsə də, dekabrda müddəti bitən cəza məhkəmə nəzarəti ilə əvəzlənib. Ancaq üçüncü bir şəxs tərəfindən qoyulmuş 15 milyard tümən əmanəti qaytarmaq üçün Yarrahi bu həftə şallaqlanma prosedurundan keçməli olub.

Müğənninin vəkili Zəhra Minovey cəza başa çatdıqdan sonra onun cinayət işinə xitam verilməsi ilə bağlı razılaşma əldə edib. Vəkillərinə minnətdarlığını bildirən Mehdi Yarrahi İnstaqramda “azadlığın bədəlini ödəmək istəməyənlər buna layiq deyil” ifadəsini söyləyib.

Onun şallaqlanması xəbəri sosial şəbəkələrdə hiddət fırtınası doğurub. Müğənnini dəstəkləyən İran İnsan Haqları Təşkilatı 2024-cü ildə 131 nəfərin şallaq cəzasına məhkum edildiyini və ümumilikdə 9957 şallaq zərbəsi aldığını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Yarrahi   qadınlar   cəza  





Xəbər lenti