Hannibal azadlığa çıxmayıb

   Hannibal azadlığa çıxmayıb
  05 Mart 2025    Oxunub:534
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi növbəti dəfə xarici KİV-in gündəminə çevrilib.
“Əl-Ərəbiyyə” telekanalının yaydığı məlumata görə , Hannibalın vəkili Paul Romans müvəkkilinin Livan həbsxanasından buraxılması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Vəkil Qəzzafinin hələ də Livanda həbsdə saxlanıldığını iddia edib. Təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbə də bu məlumatı kanala təsdiqləyib.

Britaniya Qəddafinin arvadına qoyduğu giriş qadağasını götürdü
Xatırladaq ki, Liviyanın Ədliyyə Nazirliyi martın 4-də Facebook-da diqqət çəkən paylaşım etmişdi. Qurum öz səhifəsində Livanda təxminən on ildir həbsdə olan Qəddafinin azad edilməsi ilə bağlı paylaşım yerləşdirmişdi. Maraqlıdır ki, bir qədər sonra nazirliyin məlum xəbəri səhifədən yoxa çıxıb.

Bununla belə, Liviya hökuməti Hannibalın artıq həbsdən azad edildiyini, lakin Livanda qaldığını və yaxın günlərdə Liviya hakimiyyət orqanlarına təhvil veriləcəyini bildirib.

Hannibal Qəddafi 2015-ci ilin dekabrında Livan imamı və siyasi xadimi Musa əs-Sədrin yoxa çıxması işi ilə bağlı Livanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qəddafinin özü isə Suriyadan qaçırılaraq qanunsuz şəkildə Livana aparıldığını bəyan edib. O, həmçinin vurğulayıb ki, Sədrin yoxa çıxması barədə heç bir informasiyaya malik deyil. Çünki o vaxt onun cəmi 3 yaşı olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Həbs   Qəddafi   Liviya   Livan  





Xəbər lenti