Tramp: “Zelenski danışıqlara hazırdır”

      Tramp:    “Zelenski danışıqlara hazırdır”
  05 Mart 2025    Oxunub:613
ABŞ Konqresində çıxış edən prezident Donald Tramp ölkə tarixində Ağ Ev administrasiyanın gərgin ilk həftələrinin nəticələrini açıqlayıb.
AzVision.az xəbər verir ki, Donald Tramp hakimiyyətdə olduğu ilk ayı ABŞ tarixində ən uğurlu dövr kimi qiymətləndirib.

“Bunu daha da təsirli edən odur ki, siz ikinci belə uğurlu kimin olduğunu bilirsiniz? Corc Vaşinqton. Son altı həftədə mən 100-ə yaxın icra sərəncamı imzaladım və 400-dən çox icraedici addım atdım ki, bu da sağlam düşüncənin bərpası üçün rekorddur. Bu, yalnız başlanğıcdır”, - ABŞ prezidenti bildirib.

Zelenski: "Trampın rəhbərliyi altında işləməyə hazırıq"
Rusiya-Ukrayna mövzusuna gəlincə, Tramp Ukrayna prezidenti Volodimir Zelenskidən Ukrayna ilə bağlı danışıqlara ən qısa zamanda başlamağa hazır olduğunu bildirən məktub aldığını bildirib. Trampın sözlərinə görə, sənəddə Kiyevin nadir torpaq metalları ilə bağlı sazişin imzalanmasına razılığı da var.


- Ukraynadakı amansız münaqişəyə son qoymaq üçün yorulmadan çalışıram. Milyonlarla ukraynalı və rus bu dəhşətli və amansız qarşıdurmada lüzumsuz şəkildə öldürülüb və ya yaralanıb. ABŞ Ukraynanın müdafiəsini dəstəkləmək üçün yüz milyardlarla dollar göndərib. Bunun daha beş il davam etməsini istəyirsən? ABŞ Ukraynanı dəstəkləmək üçün Avropadan daha çox pul xərcləyib. Təəssüf ki, Avropa Rusiyadan neft və qaz almaq üçün Ukraynanı müdafiə etməkdən daha çox pul xərcləyib”, - ABŞ prezidenti soydaşlarını bu barədə düşünməyə çağırıb.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya müdafiə müharibəsində kömək etmək üçün 100 milyard dollar verdiyi halda, demokrat Co Baydenin hökuməti buna 350 milyard dollar ayırıb. Lakin Konqres zalında iştirak edən demokratlar Trampın bu sözləri ilə razılaşmayıblar.

Tramp, həmçinin Moskvadan Ukraynada sülh prosesinə başlamağa hazır olduqları barədə “güclü siqnallar” aldığını iddia edib.

“Bu ağılsızlığı dayandırmağın vaxtıdır. Qətlləri dayandırmağın vaxtı çatıb. Bu mənasız müharibəni dayandırmağın vaxtıdır. Əgər müharibələri dayandırmaq istəyirsinizsə, siz hər iki tərəflə danışmalısınız”, - ABŞ prezidenti vurğulayıb.


Maraqlıdır ki, Donald Tramp bir gün əvvəl Kiyevə hərbi yardımın dayandırılması barədə verilən qərara ümumiyyətlə toxunmayıb. Lakin o, bildirib ki, yaxın günlərdə ABŞ nadir torpaq metallarının istehsalını artırmaq üçün “tarixi qərar” verəcək: “Bu həftənin sonunda mən ABŞ-də kritik mineralların və nadir torpaq metallarının istehsalını əhəmiyyətli dərəcədə genişləndirmək üçün tarixi qərar verəcəyəm”.

Çıxışında Tramp həmçinin amerikalılara dünyada ən yüksək həyat keyfiyyəti, ən təhlükəsiz, ən zəngin, ən sağlam və ən dözümlü cəmiyyətlər yaratmağa söz verib.

- Biz elmin geniş sərhədlərini fəth edəcəyik, bəşəriyyəti kosmosa aparacaq və Amerika bayrağını Mars planetində və hətta ondan uzaqlarda sancacağıq. Bütün bunlar vasitəsilə biz Amerika ruhunun qarşısıalınmaz gücünü yenidən kəşf edəcəyik və Amerika arzusunun sonsuz vədlərini yenidən həyata keçirəcəyik. Mənim amerikalı həmvətənlərim, inanılmaz gələcəyə hazırlaşın, çünki Amerikanın Qızıl Dövrü təzəcə başlayıb. Bu, sizin indiyədək gördüyünüz bir şeyə bənzəməyəcək”, - ABŞ prezidenti vəd edib.


Trampın çıxışının əvvəlində demokrat konqresmen Ela Qrin zaldan çıxarılıb. Belə ki, prezidentin çıxışı zamanı ayağa qalxan Qrin əl ağacını havaya qaldıraraq qışqırmağa başlayıb. Tramp danışarkən bəzi demokratlar əllərində müxtəlif mesajlar olan lövhələr tutublar. Partiyadakı bir çox qadın etirazın rəmzi kimi çəhrayı, digərləri isə Ukrayna ilə həmrəyliyi simvolizə edən mavi və sarı şərflər və digər paltarlar geyiniblər. Tramp Ukrayna haqqında danışarkən bəzi demokratlar hətta zalı tərk ediblər.

Donald Trampın çıxışı tarixdə Konqres qarşısında ən uzun çıxışı olub. “ABC” və “NBC” telekanallarının məlumatına görə, ABŞ prezidenti qanunvericilər qarşısında 100 dəqiqədən çox danışıb. Əvvəlki rekord 2000-ci ildə çıxışı 88 dəqiqə davam edən prezident Bill Klintona məxsusdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Konqres   çıxış  





Xəbər lenti