“İstənilən adamın telefonuna girə bilərdik” I DTX-nin həbs etdiyi kibercinayətkar

T.Əliyevin işinə hazırda Yasamal Rayon Məhkəməsində baxılır. İlk baxış iclasında əvvəlcə ittiham aktı elan edilib. İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüuter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub.
Bundan əlavə, Tural kiberhücumlar nəticəsində Amerika və İsrail şirkətlərinin hamıya açıq olmayan məlumatlarına giriş əldə edib. Prosesin davamında müttəhim qısa ifadə verib. Tural üzərindəki ittihamların bəzilərini qəbul edib, özünü qismən təqsirli bilib.
İfadəsindən görünür ki, Tural əvvəllər İnformasiya Texnologiyaları sahəsində əhəmiyyətli layihələr üzərində işləyib. O, özünün yaratdığı casus proqramlarından bəhs edib: “Mən peşəkar haker sistemləri qurub casus proqramlarından istifadə etmişəm. Bununla da ABŞ-yə də aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Amma bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. Düzdür, müdaxilə qanunsuz olub, amma Amerika saytına girməkdə məqsədim sistemi yoxlamaq idi”.
Turalın dediyinə görə, yaratdığı proqramları dövlət orqanlarına vermək istəyirmiş. Amma həmin proqramlar sınaqdan keçirilməlidiyi üçün bu, mümkün olmayıb: “Sınaqdan keçməyən proqramı qəbul etmirlər. Bunun üçün də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam, lakin heç bir əməliyyat həyata keçirməmişəm.
Onu da deyim ki, mən “Facebook”, “Google” və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam”. Proses martın 18-i davam edəcək.
AzVision.az
Teqlər: