“2025-ci il İslam dünyası, Belçika Krallığı və Avropada” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“2025-ci il İslam dünyası, Belçika Krallığı və Avropada” mövzusunda beynəlxalq konfrans keçiriləcək
  05 Mart 2025    Oxunub:531
6-7 mart tarixlərində Belçikanın paytaxtı Brüsseldə “2025-ci il İslam dünyası, Belçika Krallığı və Avropada” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
AzVision.az xəbər verir ki, tədbir İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə baş tutur.

Konfransın tərəfdaşları arasında Avropa Geostrateji Elmlər və Araşdırmalar Mərkəzi (ECDA) və Avropa İnkişaf və Araşdırma Akademiyası (EDARA) da yer alır. Beynəlxalq tədbirdə Azərbaycanı Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.



Heyətə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları, dini konfessiya rəhbərləri və digər rəsmi şəxslər daxildir.

ISESCO-nun təşəbbüsü ilə həyata keçirilən bu konfransın əsas məqsədi İslam dünyası vasitəsilə Avropada mədəniyyətlərarası dialoqun təşviq edilməsi, sivilizasiyalar arasında körpü yaradılması və beynəlxalq münasibətlər sistemində müşahidə olunan geosiyasi gərginliklərin azaldılmasına töhfə verməkdir.

Bu mühüm tədbirə dünyanın müxtəlif ölkələrindən siyasi və dini liderlər, akademiklər, qadın və gənc fəallar da qatılıb. Konfrans çərçivəsində multikulturalizm, dinlərarası dialoq və qlobal əməkdaşlıq məsələlərinin geniş müzakirə olunacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti