Prokurorluqdan əməliyyat I Rütbəli şəxslər saxlanıldılar

     Prokurorluqdan əməliyyat I    Rütbəli şəxslər saxlanıldılar
  05 Mart 2025    Oxunub:550
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Aydın oğlu Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Valik oğlu Əzimov və zabiti Emil Ramiz oğlu Nəbiyevin qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
AzVision.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında deyilir.

Qeyd olunur ki, əməliyyat-istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyevlə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa "hərbi bilet əvəzi arayış" verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında R.Şükürov və E.Nəbiyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma), X.Əzimova isə həmin Məcəllənin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev və Xalid Əzimov barələrində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti