Rumıniyada Rusiya ilə əlaqəyə görə 6 adam saxlanılıb

Rumıniyada Rusiya ilə əlaqəyə görə 6 adam saxlanılıb
  06 Mart 2025    Oxunub:446
Rumıniyada 6 nəfər Rusiyanın köməyi ilə dövlət hakimiyyətini devirməyə cəhd ittihamı ilə saxlanılıb.
AzVision.az “Azadlıq” radiosunun Rumıniya xidmətinə istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, onlar siyasi sabitliyi pozmaq və ölkənin müdafiə qabiliyyətini zəiflətməklə Rumıniyanın suverenliyini və müstəqilliyini pozmağa cəhd göstəriblər.

“Müstəntiqlər beş təqsirləndirilən şəxsin hələ 2023-cü ildə cinayətkar qrup yaratdığını müəyyən ediblər. 2024-cü ildə altıncı üzv onlara qoşulub. Qrup “Vlad Tsepeş Komandanlığının Baş Qərargahı” adlandırılıb. Onun lideri istefada olan 101 yaşlı general Radu Teodoro altı təqsirləndirilən şəxsdən biridir. Müəyyən edilib ki, cinayətkar qruplaşma üzvləri həm Rumıniyada, həm də Rusiyada yerləşən xarici dövlətin agentləri ilə dəfələrlə əlaqə saxlayıblar”, - mənbələrin radionun Rumıniya xidmətinə ötürdükləri məlumatda deyilir.

Prokurorluğun məlumatına görə, bu ilin yanvar ayında Moskvaya gedən iki müttəhim orada Rumıniyada hakimiyyəti ələ keçirmək cəhdlərini dəstəkləməyə hazır olan insanlarla əlaqə saxlayıblar.

İtintaq çərçivəsində Rumıniyanın müxtəlif bölgələrində səkkiz axtarış aparılıb. Martın 6-da Buxarest Apellyasiya Məhkəməsi dörd təqsirləndirilən şəxsin həbsi, digər ikisinin isə ev dustaqlığı barədə qərar qəbul etməlidir.

Qeyd edək ki, bundan əvvəl Rumıniyanın Xarici İşlər nazirliyi Rusiya səfirliyinin hərbi attaşesi Viktor Makovskini və köməkçisi Yevgeni İqnatyevi persona non-qrata elan edərək, onlara ölkədən dərhal çıxmasına göstəriş verib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rumıniya   Rusiya   həbslər  





Xəbər lenti