Məmmədyarov türkmənistanlı həmkarı ilə görüşüb
Azərbaycan və Türkmənistanın digər sahilyanı dövlətlərlə birlikdə Xəzər dənizində dostluq, əməkdaşlıq və qarşılıqlı anlayışı təşviq etdiyi qeyd olunub. Nazirlər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
E. Məmmədyarov Şərq-Qərb nəqliyyat dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması ilə region ölkələri, o cümlədən Türkmənistan üçün nəqliyyat sahəsində yeni imkanlar açıldığını diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında iqtisadi, humanitar, turizm və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda iqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, bu sahədə birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın daha da genişləndirilməsinə dair birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.
Azərbaycan-Türkmənistan-Türkiyə formatında üçtərəfli əməkdaşlığın inkişafından və bu formatda regional əməkdaşlığı təşviq edən birgə layihələrin icrasından məmnunluq ifadə edilib. 2017-ci ilin 18-19 iyul tarixində Bakıda keçirilmiş üçtərəfli görüşdə müzakirə olunan və Bakı bəyannaməsində təsbit olunan birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Azərbaycan XİN Elmar-Məmmədyarov Türkmənistan