Rayan Rutun “ehtiyat” məktubu tapılıb

   Rayan Rutun    “ehtiyat” məktubu    tapılıb
  24 Sentyabr 2024    Oxunub:315
ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən amerikalı Rayan Rut əvvəlcədən yazdığı qeyddə hücumu planlaşdırdığını və hətta onun uğursuz olacağını proqnozlaşdırdığını etiraf edib.
AzVision.az
xəbər verir ki, prokurorların məhkəməyə təqdim etdiyi sənəddə belə iddia yer alıb.

“Bu, Donald Trampa qarşı sui-qəsd cəhdi idi, amma mən sizin etimadınızı doğrulda bilmədim. Əlimdən gələni etdim və toplaya bildiyim bütün bacarığımı göstərdim”, - dostunun evində qoyduğu qutuda saxlanan qeyddə deyilir.

“Azadlıq radiosu” bildirib ki, həmin qeyddə Rut “bu işi başa çatdıra bilənə” 150 min dollar mükafat da təklif edir. O, öz naməsində Trampın ABŞ prezidentliyinə yaramadığını vurğulayıb.

Prokurorların dediyinə görə, qutuda qeyddən əlavə döyüş sursatı və metal boru da olub. Həmçinin bildirilir ki, Rutun avtomobilinə baxış zamanı polis “2024-cü ilin avqust, sentyabr və oktyabr aylarının tarixlərinin və keçmiş prezidentin göründüyü və ya getməsi lazım olan yerlərin əllə yazılmış siyahısı”nı tapıb.

Bundan əlavə, altı mobil telefon aşkarlanıb, onlardan birindən atışmanın baş verdiyi Palm-Biç qraflığından Meksikaya gedən istiqamətləri tapmaq üçün “Google”-də sorğu verilib.
Trampa sui-qəsd cəhdində şübhəli bilinən Rayan Rut qanunsuz silah saxlamaqda ittiham olunub.

Dünən Florida məhkəməsi pul girovu qarşılığında Rayan Rutun zaminə buraxılması təklifini rədd edib. Beləliklə də, hakim “Rutun məhkəməyə qədər həbsdə saxlanması” barədə prokurorların vəsadətini təmin edib. “Reuters” agentliyi yazır ki, istintaq prosesində Ruta qarşı başqa ittihamlar da meydana çıxa bilər.

Trampın qolf meydançası niyə tam mühafizə olunmayıb?
Qeyd edək ki, Donald Trampa qarşı ikinci sui-qəsd cəhdi sentyabrın 15-də keçmiş prezidentin həmin vaxt olduğu Florida ştatının Vest Palm Beach şəhərindəki qolf meydançasının yaxınlığında baş verib. Yaşıllıqlar arasında avtomatın lüləsini görən Məxfi Xidmət agentinin qolf meydançasını əhatə edən kollara xəbərdarlıq atəşi açmasından sonra sui-qəsd cəhdinin qarşısı alınıb. Rut avtomobillə qaçmağa çalışsa da, tezliklə saxlanılıb. Qolf klubunu magistral yoldan ayıran hasarın arxasındakı kolluqların arasında snayper nişangahı olan yarımavtomat tüfəng və videokamera aşkar edilib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Rut   məktub   məhkəmə  





Xəbər lenti