Putinin Bakıya səfərinin Rusiya üçün əhəmiyyəti

   Putinin Bakıya səfərinin  Rusiya üçün əhəmiyyəti
  20 Avqust 2024    Oxunub:3305
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanan ikitərəfli sazişlər tarixi iqtisadi-siyasi və mədəni-humanitar əlaqələr malik qonşu dövlətlərin münasibətlərinin inkişafına yeni təkan verəcək. Bu səfərin nəticələrini şərh edən rusiyalı ekspertlər onun Rusiya üçün böyük önəm kəsb etdsiyini vurğulayırlar.
Moskva Dövlət Beynəlxalq Münasibətlər institutunun (MDBMİ) Hərbi-siyasi Tədqiqatlar mərkəzinin direktoru, politoloq Aleksey Podberyozkin Rusiyanın İctimai televiziyasına müsahibəsində İlham Əliyevlə Vladimir Putinin bir çox vacib mövzuları müzakirə etdiklərinə diqqət çəkib.

“Burada təhlükəsizlikdən tutmuş, 40 ildən artıqdır ki, Qorbaçovun təhriki ilə davam edən və iqtisadi əməkdaşlıq məsələləri ilə bitən Ermənistan-Azərbaycan münaqişəsinin sona çatmasına qədər çoxlu məsələlər var. Rusiya və Azərbaycanın bir çox ortaq planları mövcuddur: tanker tikintisi, neft ticarəti, dəmir yolu xəttinin çəkilməsi. Eyni zamanda, Əliyev də ailəsi kimi ölkəmizlə sıx bağlı olduğundan ona biganə deyil. Bizim normal əməkdaşlığımız var və bu əməkdaşlığın perspektivləri çox böyükdür. Ümumiyyətlə, Rusiyanın keçmiş sovet respublikalarına dönüşü çox ümidvericidir. Bu mənada resurslar və ehtiyatlar çox böyükdür”, - Podberyozkin deyib.

Rusiyalı politoloqun Azərbaycanın nümunəsində Moskvanın postsovet məkanına dönüşünü vurğulaması 1990-2014-cü illər ərzində Kremlin qərbpərəst xarici siyasət kursunun səhv strategiya kimi qiymətləndirilməsinə dəlalət edir. Son 30-35 ildə əvvəlcə SSRİ-nin, sonra isə müasir Rusiyanın üzləşdiyi ciddi problemlərin təməlində ilk növbədə Moskvanın özünün ifrat qərbpərəstliyə aludəliyi dayanır. Həmin dövrdə, xüusilə də ötən əsrin 90-cı illərində məhz Rusiyanın postsovet ölkələrinə qarşı açıq-aşkar etinasızlığı, bəzi hallarda isə düşmənçiliyi fonunda müstəqilliyini elan etmiş SSRİ respublikaları Qərbdə özlərinə tərəfdaşlar axtarmağa başladılar. Amma ağlasığmaz güzəştlər hesabına Qərbin əlavəsinə çevrilməyə can atan Rusiya digər postsovet ölkələrinin Qərblə münasibətlərinə qısqanclıqla yanaşırdı.

Maraqlıdır ki, hətta bu məsələdə belə Moskva özünün sadiq qulu saydığı Ermənistanın Qərblə apardığı ikibaşlı oyunlara və sövdələşmələrə loyal mövqe sərgiləyirdi. Çünki erməni diasporundan aldıqları ianələrdən reallıq hissini itirmiş əksər rusiyalı siyasətçilər, ekspertlər və ictimai-siyasi xadimlər ciddi-cəhdlə Kremli İrəvanın Moskvanın sözündən çıxmayacağına inandırırdılar. Lakin hadisələrin gedişatı bunu iddia edənlərin heç də Rusiyanın dövlət maraqlarını yox, özlərinin maddi prefernsiyalarını güddüklərini göstərdi.

Moskva: “Ermənistan Qafqazın tarixini saxtalaşdırır”
Nəticədə isə, Rusiya son bir neçə ilə qədər postsovet məkanında ən sadiq müttəfiqi saydığı İrəvanın satqınlığı ilə üzləşdi. Maraqlıdır ki, erməniçilik ideoloqlarının bu ənənəvi siyasətini Rusiyada bəziləri nədənsə non-sens kimi qələmə verməyə, erməniləri ruslarla əsrlər boyu qardaşlıq və xristian həmrəyliyi hisslərinin birləşdirdiyini iddia etməyə çalışırlar.

Ermənistanın satqınlığına rəğmən, Rusiyanın həmişə Cənubi Qafqazda sabitləşdirici amil olduğunu bildirən Aleksey Podberyozkinin fikrincə, Qarabağ münaqişəsində çətin ki, vasitəçilər Azərbaycanı maraqlandırsın. Çünki Ermənistan artıq uduzan tərəfdir.

“Ermənistan indi diqqətini Avropaya yönəldir və mən qorxuram ki, onun hazırkı siyasi rəhbərliyi Rusiya, KTMT və iqtisadi layihələrlə vidalaşacaq. Çünki Ermənistanın hazırkı rəhbərliyi özünü mümkün qədər avropalılaşdırmağa, yəni Avropa İttifaqına bağlanmağa çalışacaq”, - rusiyalı politoloq proqnozlaşdırıb.


Nə qədər təəccüblü səsələnsə də, Podberyozkin Rusiyanın özünün Ermənistanda maraqlarının az olduğunu iddia edir. Ona görə də İtəvanın seçdiyi kursun nəyə gətirib çıxaracağını təxmin etmək olar. Söhbət isə Ermənistanın növbəti dəfə Rusiyasız keçinmək cəhdindən gedir. Halbuki, Moskva hər hansı tərəfdaşı ilə münasibətləri yüksək qiymətləndirir. Çünki Qərb koalisiyasının strategiyasında əsas prioritet ölkənin iqtisadi əlaqələrini məhdudlaşdırmaqdır.

“Qərb koalisiyasına ABŞ-yə tabe olmaq məcburiyyətində qalan bir çox ölkələr daxildir. Ona görə də Rusiya Qərbin təzyiqlərinə məhəl qoymayan dövlətlərlə istənilən əlaqəni saxlamaqda və inkişaf etdirməkdə maraqlıdır”, - rusiyalı analitik deyb.

Bu baxımdan, Ermənistanla müqayisədə Rusiya-Azərbaycan münasibətlərində vəziyyət tam fərqlidir. Rusiya ilə Azərbaycanın tərəfdaşlıq qurmadığı bir sahə tapmaq çətindir. Məsələn, hazırda tibb və təhsil sahəsində əməkdaşlıq fəal şəkildə inkişaf etdirilir.

“Bu, təkcə rus dilinin heç bir məhdudiyyət qoyulmadan istifadə edildiyi yeganə keçmiş sovet respublikası deyil, orada həm də MDBMİ də daxil olmaqla filiallar var. Yeri gəlmişkən, Əliyev nəinki MDBMİ-ni bitirib, həm də orada işləyib. Qızı da onu kimi. Ona görə də, burada münasibətləri saxlayan və inkişaf etdirməyə imkan verən çox şey var”, - Aleksey Podebryozkin vurğulayıb.

Yeri gəlmişkən, hətta MDB ölkələri institutunun Ermənistan bölməsinin rəhbəri Aleksandr Markarov Bakının diplomatik səylərini çox yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi eyni vaxtda bir neçə platformada - Qərb və Rusiya meydançalarında effektiv oynayır.

“Əliyev bir tərəfdən Rusiya ilə yaxınlaşa bildi, digər tərəfdən isə Avropanın Qarabağı öz ölkəsinin bir hissəsi kimi tanımasına nail oldu. Ermənistan isə əksinə, son zamanlar kollektiv Qərbin vasitəçiliyi ilə danışıqlara maraq göstərib. Potensial vasitəçilərdən hansının tərəflər üçün ən az itkilər hesabına sülh müqaviləsi imzalamasını təmin edə biləcəyi məlum deyil”, - Markarov bildirib.

Amma Vladimir Putinin Bakıya dövlət səfərinin nəticələri bir daha sübut etdi ki, bu məsələdə əsas söz heç də vaxitəçilərə yox, regionda yeni geosiyasi reallıq formalaşfırmış Azərbaycana məxsusdur. Bu baxımdan, sülh sazişi barədə konkret Azərbaycanın verdiyi təkliflər isə Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin təminatı ilə bağlı maraqlarına tam cavab verir. Vladimir Putinin səfərinin Moskva üçün ən böyük əhəmiyyəti də məhz bununla, yəni Rusiyanın cənubunda ikinci cəbhənin açılmasının qarşısını almaq səyləri ilə izah olunur.

Ən əsası budur ki, Moskva belə reallığın qorunub-saxlanması siyasətində ardıcıl addımların atılmasını zərurətini diqqətdə saxlasın. Çünki Rusiyadakı erməni diasporunun ianələr kisəsindən yemlənən bir çox rusiyalı siyasətbazlar, deputatlar, ekspertlər və media resursları bu gün müəyyən mənada öz qınlarına çəkilsələr də, Kremli Cənubi Qafqazla bağlı siyasətinə yenidən baxmağa inandırmaq üçün növbəti fürsəti gözləyirlər.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər:   Putin   Azərbaycan   əhəmiyyət  





Xəbər lenti