Bir toy çalınmadı, bir arzu qaldı...

Bir toy çalınmadı, bir arzu qaldı...
  23 Sentyabr 2024    Oxunub:790
Şəkil kimi oğlanları, şəkil kimi balaları torpaq edir müharibələr, savaşlar... Anaların arzuları isə belə olmur...
Övladı dünyaya gələndən sonra onun ilk gülüşünə sevinir, məktəbə getməyini, böyüyüb Vətənə bəzək vuran bir övlad olmasını, toyunu görməyi arzu edir ana. Lakin bu arzuları, bu istəkləri bəzən fələk pozur, bəzən qəza, bəzən də müharibələr...

Böyük ekrandan bir gözəl oğlan baxırdı hamıya... Özü sağ olsaydı həmin gün toyu olacaqdı bəlkə də ... Çünki anası Aygün Məmmədli hələ 21 yaşı olanda Müşfiq Orucova demişdi ki, “bala səni tez evləndirməyəcəm, özünün evin-eşiyin olsun, qazancın olsun ki, arvadının yanında dilin qısa olmasın... Belə getsə, mən səni ancaq 30 yaşında evləndirəcəm...”.

18 sentyabr 1994-cü ildə Zəngilanda doğulan Müşviq Orucovun 30 yaşını qeyd etmək üçün 20 sentyabr 2024-cü ildə “Şəhid analarına dəstək “ İctimai Birliyinin sədri Ceyran Həsənova Müşfiqin anası ilə həmdərd, həmtale olan şəhid anaları və atalarını “Nizami” kinoteatrına dəvət etmişdi. Şəhid Mirzə Novruzovun anası Rüxsarə xanımı, şəhid Əlizaman İslamovun anası Hürnisə xanımı, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyevi, şəhid Fəxrəddin Qurbanovun atası Seyfəddin Qurbanovu, şəhid Nurlan Mustafayevin anası Rəhilə xanımı, şəhid Toğrul Hacıyevin anası İlhamə xanımı, şəhid Cavid Həsənovun anası Mirvari xanımı, şəhid Cəmil Nəcəfovun anası Mətanət xanımı, şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundovanı, ictimaiyyət nümayəndələrini burda görmək olardı. 2016-cı ilin aprel günlərində qalibiyyət savaşında Vətən uğrunda şəhid olan Müşfiq Orucovun həyatından bəhs edən “Vətən namusumdur” sənədli həyat filminə tamaşa edirdik.

Müşfiq Orucovun anası Aygün Məmmədli ilə yanaşı oturmuşam. Böyük ekranda Müşfiqin şəkli görünür. Gözəl yaraşıqlı, xətti-xalına, gül camalına nə qədər tamaşa etsən, gözəlliyinin işığından doymaq olmur. Müşfiq haqqında xatirələr dilə gəlir, körpəliyindən Bakıdakı 7 nömrəli Zəngilan məktəbinə getdiyi, Azərbaycan Texniki Universitetinin Avtomatika və kompüter texnikası fakültəsini bitirdiyi günə qədər keçdiyi qısa ömür yolunu yenə də izləyirik.

Müşfiq Arif oğlu Orucovun şəhidlik xəbəri gələndə, onun adının yanında belə bir xəbər də səslənmişdi: “Universitetə 700 bal ilə daxil olub təhsil ocağını uğurla bitirən gözəl oğlan...”.

Əlimi Aygün ananın əlinin üstünə qoymuşam. Ananın əli bumbuzdur, yenə də daşa dönüb Aygün ana. Hər ikimizin göz yaşlarımız bu xatirə filmin kadrlarını izlədikcə sinəmizə süzülür... Bir şəhid oğul nə qədər göz yaşı içərmiş...

Onsuz olmur... Yada düşəndə bağrının başı yanar...

İnsan nə qədər güclü olmalıdır ki, bu gözəıllikdə, bu boy buxunda bir oğulu itirib, sonra özü də yaşasın, nəfəs ala bilsin... Lakin elə deyil, oğulları müharibədə və ya qəzada ölən analar, atalar yaşamırlar ki... Onlar da övladları ölən günü ölürlər. Övladını əlacsız halda torpağa əmanət edəndən sonra yaşamağa məcbur olurlar... Daha nəfəs o nəfəs olmur, daha gün o gün olmur...

Mən aprel döyüşlərində həlak olan şəhidlərimizin hər birinin ailəsində olub onları kəlmə-kəlmə, söz-söz həm ürəyimə yazdım, həm də ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitabında ömürlük əbədiləşdirdim. Ona göprə də hər bir şəhidi öz balam bilirəm. Çünki onların həyat hekayətlərini ürəyimlə, ruhumla yazdım.

Ruh demişkən, ruha dönmüş şəhidlərimizin hər biri ruh kimi ömrümə gəldilər. Onların kitabını yazanda başımın üstündə dolandılar. Hətta səhv etdiyim səhifələrdəki səhvin yerini göstərdilər... Bəzən hər hansı bir təhlükədən xəbərdar etdilər... Qorudular məni, xəta toxunmasına imkan vermədilər...

Müşfiq Orucov ailənin ilk övladı idi. Aygün xanımın payında Tanrıdan bir oğul, bir qız var idi. Özü rus dili və ədəbiyyatı müəlliməsi olan Aygün Məmmədli vətəninə, torpağına, elinə-obasına bağlı qeyrətli bir Azərbaycan qızıdır. Bütün müsbət xasiyyət və xüsusiyyətlərini oğluna hələ körpəlikdən ötürə bilmişdi. Zəngilan düşmən əsarətində olsa da, Aygün müəllimə oğluna vətən torpağının nə vaxtsa geri qaytarılacağına inandırmışdı. Müşfiqin oyuncaqları tank, avtomat oldu... Tay-tuşları ilə oynayanda görmədiyi səngərləri öz uşaq təsəvvürü ilə düzəldib, oyuncaq tankı üçün anbar qazdı, oyuncaq əsgərlərini o tankda gəzdirdi, o səngərdə yatızdırdı... Evcik-evcik oynadığı uşaqlığı taleyinə, taleyinin yazsına çevrildi.

İndi anası Aygün Məmmədlinin direktor olduğu 7 saylı Zəngilan məktəbində marş çalınanda bayrağı mütləq Müşfiq aparırdı... Vətən və zəfərə inanc şerlərinin ən gözəl ifaçısı, söyləyəni də Müşfiq idi... Müşfiq belə Müşfiq idi.

Müşfiq gözəl tar çalırdı... tar onun incə barmaqlarının təmasından oxuyurdu... İndi o tar da oxumur... O tarı dindirən olsa qan ağlayar, simlərinin atəşi barmaq yandırar... Axı ağacdan düzəldilən nə varsa hamısının təmas yaddaşı olur. Onlar da öz sahiblərini sevir, vurulur, hətta sadiq qalırlar... Unutmurlar!!!

Müşfq Orcovun 30 yaşını “Şəhid ailələrinə dəstək” İctimai Birliyi 20 sentyabrda qeyd etdi. İctimai Birliyin sədri Ceyran Həsənova da elə aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun anasıdır. Onun da oğlu Müşfiqin təhsil aldığı Azərbaycan Texniki Universitetini bitirib, digər iki qrup yoldaşı ilə birlikdə hərbi xidmətə getmişdilər. Onların da taleləri elə Müşfiqin ömür yolunun qırıldığı yerdə qırıldı...

Ceyran xanım öz çıxışını belə tamamladı: “20 sentyabr gününü Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü “ kimi təsis etdi. Bu mötəbər və möhtəşəm adın, imzanın içərisində bizim övladlarımızın da adı və qanı vardır. Ona görə də biz başımızı dik tuturuq! Təki Vətən yaşasın”.

Böyük ekrandan Müşfiq Orucovun danışan bir şəkli baxır... Müşfiq boynunu bir az yana çevirib, harayasa baxır... O baxışlarda bir razılıq, rahatlıq var... sanki elə 20 sentyabr 2024-cü il üçün çəkilib. Bu baxışlar dünyaya və düşmənlərimizə deyir ki, nə oldu? Gördünüzmü biz öz torpaqlarımızı alıb, Vətənimizi bütövləşdirdik. Zəngilan azaddır, Kəlbəcər azaddır... Qarabağ azaddır...

Şəkil kimi bir oğlanın doğum günü- 30 yaşı özü olmadan qeyd edildi. Bəlkə də sağ olsaydı, Aygün Məmmədli bu gün oğlu üçün arzuladığı toyu çaldıracaqdı...

Bir toy çalınmadı, bir arzu qaldı...

Bir ana oğluna tamarzı qaldı...


Aida Eyvazlı Göytürk

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti