Suverenliyə hörmət və dəstək qarşılıqlı olmalıdır

   Suverenliyə hörmət və dəstək    qarşılıqlı olmalıdır
  22 Avqust 2024    Oxunub:3937
Nə Ukrayna dövləti, nə də siyasətçiləri, ekspertləri və mediası Azərbaycan torpaqlarının işğalıyla bağlı bizim onların eyni probleminə yanaşmada sərgilədiyimiz qədər prinsipial mövqe ortaya qoymayıblar.
Bunu mən Ukraynadakı prosesləri davamlı izləyən biri kimi deyirəm. Onu da xatırlayıram ki, QUAM-ın Bakıda keçirilən zirvəsində bir jurnalist olaraq nə illah etdim Ukraynanın o zamankı xarici işlər naziri Yatsenyuk Ermənistanın Azərbaycan torpaqlarının işğalıyla bağlı heç nə demək istəmədi. Halbuki, yatsenyuklar və onların bağlı olduğu çevrələr vaxtında Ermənistanı işağlçı adlandırıb ondan BMT qətnamələrini yerinə yetirməsini tələb etsəydilər, Ukrayna 2014-cü ildən üzü bəri başına gətirilənlərlə üzləşməzdi.

Mən yenə tam məsuliyyətlə bildirirəm ki, indinin özündə, yəni işğal faktına son qoyduqdan sonra belə Azərbaycan Ukraynanın torpaq bütünlüyünü daha qətiyyətlə dəstəkləyir, nəinki qarşı tərəf bizimkini. Əgər Ukraynada düşünürlərsə ki, onların ayrı-ayrı siyasətçilərinin, mediasının və ekspertlərinin böyük bir qisminin hazırda bizim regionda gedən proseslərə yanaşmalarının qərbdəki bəlli çevrələrinkindən heç də çox fərqlənmədiyindən, Ermənistanı necə dəstəklədiklərindən biz xəbərsizik, onda yanılırlar, həm də çox.

Hazırda mediaya sızdırılanlar Ukraynadakı bəzi çevrələrin Azərbaycana yanaşmada yeritdiyi məntiqdışı siyasətin sadəcə kiçik bir hissəsidir. Biz dövlət olaraq ilk növbədə özümüzə hörmət etdiyimizdən və həmişə dost gözündə gördüyümüz ukraynalıların hazırda necə çətin durumda olduğunu bildiyimizdən çox şeyi açıb-ağartmırıq. Qərbdə iqtisadi potensialları bizimkindən qat-qat üstün dövlətlərdən ora heç də az humanitar yardım göstərmədiyimiz halda bəzi rəsimilərin ilk növbədə özlərinə hörmət gətirməyən “daha da atrıq olmalıdır” kimi şərhlərini görməzdən gəlirik.

Yəni deməyim odur ki, dost sandığımız ölkədə Azərbaycanın özlərinə yanaşmada yeritdiyi siyasətin adekvat qiymətləndirilməməsi təzə hal deyil. Rusiya Prezidentinin Azərbaycana səfəri, SOCAR-la “Qazprom” arasında planlı strateji tərəfdaşlıq haqda razılaşmayla bağlı çirkab kampaniyası bunun daha ağılsızcasına və abırsızcasına davamıdır. Görünür, Ukraynada bir çoxları hələ də dərk etmir ki, müstəqil siyasət heç də plasdarm rolunda Rusiya əleyhinə çıxış etmək demək deyil. Müstəqil siyasət içi Rusiya qarışıq hər hansı bir gücün diqtəsi ilə yox, öz milli maraqlarına dayanaraq yeridilən siyasətdir ki, bu da, indiki dönəmdə nə qədər çətin olsa da, balanslaşdırılmasız mümkünsüzdür.

Bir də Rusiya qazının Azərbaycan üzərindən Avropaya çatdırılması planıyla bağlı narazlıq edənər yaxşı olar ki, rəsmi Kiyevin, eyni zamanda da qərbdəki havadarlarının da bir fikirlərini öyrənsinlər. Bu, Bakıyla Moskvanın yox, məhz onların təşəbbüsüdür ki, gələn ildən Rusiya qazı fərqli marşrutla, yəni bizim ölkədən keçməklə Ukraynaya, oradan da Avropaya çatdırılsın. Yeri gəlmişkən, Azərbaycanın bundan qazancı qərbdəkilərin birbaşa alışına qadağa qoyduqları Rusiya brilyantının Avropaya Ermənistan üzərindən ötürülməsindən əldə ediləndən bir neçə dəfə az olasıdır, o da əgər alınsa.

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrini boykot çağırışına gəldikdə, öz milli maraqlarıyla qərbdəkilərinkinin arasındakı sərhəddi görməyi bacaran ukraynalılar yəqin bizim həmin şirkətin müstəqilliklərinin ilk illərində aqrar sektorlarının üzləşdiyi böhranı aradan qaldırmaq üçün ora necə mazut göndərdiyini unutmayıblar. Həm də özümüzün də o mazuta böyük ehtiyacımız olduğu halda.

Azərbaycan bunu niyə edirdi? Çünki Ukraynanın müstəqillik potensialının artması, onun beynəlxalq subyektə çevrilməsi bizim də milli maraqlarımıza cavab verirdi və bu gün də verir. Amma subyektlik təkcə Rusiyaya yox, üzərində hegemonluğa, yaxud da dominantlığa can atan bütün güclərə boyun əyməməkdir. Bu unudulmamalıdır!

Və SOCAR-ı boykota çağıranlar yaxşı olar ki, 2022-ci ildən üzü bəri o şirkətin Ukrayna bazarında əldə etdiyi gəliri, eyni zamanda da həmən ölkəyə göstərdiyi açıqlanan və açıqlanmayan yardımın həcmini dəqiqləşdirsinlər. Onda çox şey aydın olacaq. O sıradan o da aydın olacaq ki, Azərbaycanın bu şirkətinin Ukraynaya göstərdiyi yardım orada yaşayanlar, bütövlükdə diasporları və Ermənistan qarışıq sevimli haylarınınkından neçə dəfə çoxdur. Hələlik bu qədər!

Sahib Alıyev, Milli Məclisin deputatı
AzVision.az


Teqlər: Azərbaycan   Ukrayna   suverenlik  





Xəbər lenti