Avropa Komissiyasının nümayəndə heyəti XİN-də

Avropa Komissiyasının nümayəndə heyəti XİN-də
  29 Yanvar 2018    Oxunub:1961
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Haloleynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, "Şərq Tərəfdaşlığı"nın Brüssel sammitinin ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verdiyi qeyd olunub. Uzlaşdırma (connectivity) və nəqliyyat sahəsində əməkdaşlığın Avropa İttifaqının Azərbaycan ilə əməkdaşlığında mühüm rola malik olduğu diqqətə çatdırılıb.

E. Məmmədyarov Azərbaycanın regional nəqliyyat qovşağına və logistika mərkəzinə çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, region ölkələri ilə nəqliyyat sistemlərini uzlaşdırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib. Şərq-Qərb nəqliyyat dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin səmərəlilik, vaxt və sürət baxımdan üstünlükləri və Avropa İttifaqının bu layihəyə dəstəyi vurğulanıb. Çin və Avropa İttifaqı ölkələrinin nəqliyyat şəbəkələrinin birləşdirilməsinə töhfə verəcək bu layihənin iqtisadi-ticarət və insanlararası əlaqələrin inkişafına, regional inkişaf və çiçəklənməyə xidmət edəcəyi qeyd edilib. Şimal-Cənub nəqliyyat dəhlizinin Hind Okeanı ilə Şimali Avropa ölkələrinin nəqliyyat sistemlərinin birləşdirilməsi baxımdan əhəmiyyətinə toxunulub.

Görüşdə dəmir yolu infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, yollarda təhlükəsizliyin təmin olunması, Avropa Qafqaz Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRASEKA) layihəsinin daha da inkişaf etdirilməsi istiqamətində atıla bilinəcək addımlar ətrafında fikir mübadiləsi aparılıb. Aviasiya sahəsində əməkdaşlığa dair saziş üzrə Avropa İttifaqı və Azərbaycan arasında aparılan danışıqlar nəzərdən keçirilib.

AzVision.az


Teqlər: XİN   Azərbaycan   Məmmədyarov   Avropa-İttifaqı  





Xəbər lenti