Sonuncu gecə...
İşə gedirəm!
Çörək yeyirəm!
Görüşdəyəm!
Evə gedirəm!
İyirmi dörd saat üçün qısaca icmal və bütöv bir ömrə bəs edəcək qədər səmimi və sədaqətli bir sevgi üçün etalon... Bütün bu öhdəliklər sanki gün ərzində bu bir neçə bildirişin üstündə xoşbəxtliyin təsdiqinə çevrilir. Məhz bu xoşbəxtlik konsepsiyasını açdığını anladığına görə bu gün axşamın toranından səhərin alatoranınacan ciddi-ciddi müzakirələr apardı, debatlar təşkil elədi, polemika və ittihamlar bütün etik və estetik çərçivələri aşdı.
Bu, sonuncu gecəydi və bir daha ömrünün gecələrinə yad bir cisim düşə bilməzdi, səmasında bütün ulduzların hamısını qovub-qovalayan bir komet hakim olacaqdı.
Bundan sonra axşam sağollaşdığı, səhər salamlaşdığı bir ad olacaqdı, bir ünvan özünə çəkəcəkdi, bir ünvandan ayrılıb elə yenə də həmin o ünvana dönəcəkdi. Bütün bunların hamısını o əvvəllər də edə bilərdi. Amma əvvəllər onu düşündürən, buna təhrik edən bir yana, bu dünyaya dəvət edən yox idi. Yox idi ki, deməyə məcbur etsin: bütün günahlarımı özümə bağışlayıram.
Əslində, hər günah növbəti günahın atasıdı, anasıdı, belə lap sponsopudu - hamisidi. İnsanı günahdan çəkinməyə, "dur" deməyə bir ürək sevdası lazım. Bu qırılma anı olmalıdı, mütləq olmalıdı. Olmayanda günahlar sapa düzülmüş muncuq kimi boynuna düzülür.
İndi birdən-birə qolundakı qandalları, ürəyindəki düyünləri, başındakı əndişələri, həyatındakı boşluqlara hər dərədən-təpədən tökülən daşları, çınqılları sanki bir səmum yeli silib süpürmüşdü; qolları, ürəyi, beyni, ürəyi həyatının boşluqları bütün konturlarıyla gözünün, ağlının, əlinin ovcundaydı. Bir an - cəmi bircə an lazım oldu anlasın ki, ikisinin yarısı tənhalıqdı!
Və indiyə qədər tənhalığının nədənini gördü...
Rastlaşanda ağlına da gətirməzdi ki, bir-birini acılayarlar, küsərlər, hətta dalaşarlar.
Qısqanırdımı?
Hə, əlbəttə, hə! Həzrəti-Əlidən deyiləni bildiyindən əlavə həm də həyat prinsipinə çevrilmişdi: qısqanmayan kişidən sevgi umma!
İki bir-birini tanıyan insanın bir-birinin hüquqlarını pozmamasını ancaq və ancaq sərhəd dirəkləri və məhkəmə qərarları tənzimləyir. Amma özüylə varlığını bağladığı insanın münasibətini belə izah edirdi: mən özümlə dalaşıramsa, deməli, darıxıram. Həmən də mesaj atdı: "Səninlə dalaşmağım darıxmağımın şəklidir".
Başqa nəyə görə dalaşasıydı ki?
Münasibətlərin sevgidən və qarşılıqlı anlaşma şəraitində bir-birinin hüquq və azadlıqlarına hörmətlə yanaşmadan daha incə bir məqamı var: ürəkdə yaşamaq! Ürəkdə yaşayanlar üçün mübarizənin meydanı olmur. Ürəkdə deyilənlərin də, yaşananların da biləni, bilicisi ürəkdə olanın pay haqqıdır.
Bəzən ürəyində dünyanın ən gözəl istirahət məkanlarında olurdu.
Bəzən xəyalında dünyanın brend mallarını alırdı!
Bəzən də ən prestijli markaları hədiyyə edirdi!
Ancaq ən gözəli o olurdu ki, yolüstü bir dönər alıb ikisinin əvəzinə yeyirdi. Bir stəkan suyu da ikisinin əvəzinə içirdi və beləcə özü özünü sevindirirdi.
Qəfil eşitməsəydi ki:
- Mən səni sevirmişəm, özümdən xəbərsiz...
Uzun illər eşitmədiyi, gözləməkdən hövsələsi daralmış halda, ancaq bunu deyə bildi:
- Yəqin bunu ürəyində dedin, eləmi?
- Sən başqa hardasan ki?!
Teqlər: