Azərbaycanda turist vergisi tətbiq oluna bilərmi? - Açıqlama

   Azərbaycanda turist vergisi tətbiq oluna bilərmi? -    Açıqlama
  31 Oktyabr 2024    Oxunub:579
Xəbər verdiyimiz kimi, Kazanda və Rusiyanın Novosibirsk şəhərində turist vergisi tətbiq ediləcək. 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək verginin miqdarı 1% təşkil edəcək və tədricən artacaq.
Maraqlıdır, bu vergi növü ölkəmizdə də tətbiq oluna bilərmi?

Rusiyaya səyahət edənlərin NƏZƏRİNƏ: Vergi tətbiq olunacaq
Turizm üzrə ekspert Rəhim Qədirov AzVision.az -a bildirib ki, dünya praktikasında ölkəyə və ya şəhərə gələn turistlərdən giriş üçün vergilərin alınması prosesi mövcuddur:

"Bunu biz daha çok Avropa ölkələrinə aid edə bilərik. Məsələn, Hollandiya, İtaliya və s. ölkə rəhbərlikləri turistlər üçün "Turizm vergisi" tətbiq edir. Bu vergi növünün tətbiqinin bir neçə səbəbi var. Bunlardan biri turistlərin sayını azaltmaq üçündür. Çünki bu kimi şəhərlərə turist axını normadan artıqdır və ölkə iqtisadiyyatına xeyirdən çox zərəri var. Digər bir səbəbi də təhlükəsizlik işləri ilə bağlı ola bilər".

Ekspert qeyd edib ki, Azərbaycan turizmi post-pandemiya dövründə müsbət dinamika ilə inkişaf edir:

"2019-cu ilin nəticələrini təkrarlayacağı, hətta üstələyəcəyi gözlənilir. Prezident İlham Əliyevin bu sahəyə dair verdiyi göstərişlər sektorun inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan hələlik ki, dünya ölkələrindən turistləri cəlb edən, yeni bazarlar axtaran, ölkəyə gələn turistlərdə müsbət təəsürat yaratmağa çalışan, viza məsələlərində sadələşdirilmiş prosedurlar tətbiq edən istiqamətdir. Bu mənada Azərbaycana gələn turistlər üçün "Turizm vergisi"nin tətbiqi növbəti llərdə real görünmür. Çünki yuxarıda sadaladığım ölkələrlə Azərbaycana gələn turistlərin statistikasında kifayət qədər fərq var.

Ümid edirəm ki, növbəti illərdə vətənimizə gələn turistlərin sayında o qədər artım olacaq ki, biz də ölkəyə qonaqlar cəlb etmək strategiyasından uzaqlaşıb mövcud axının öhdəsindən gəlməyə çalışacağıq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Azərbaycan   turizm   turistvergisi  





Xəbər lenti