ABŞ Pekinin Pxenyana təzyiq göstərməsini istəyir

   ABŞ Pekinin Pxenyana    təzyiq göstərməsini    istəyir
  30 Oktyabr 2024    Oxunub:933
Vaşinqton Çini Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi ilə bağlı vəziyyətə müdaxilə etməyə və Pxenyanın öz əsgərlərini daimi dislokasiya yerlərinə qaytarmasını təmin etməyə çağırıb.
AzVision.az bildirir ki, bu barədə “CNN” telekanalına məlumat ötürən amerikalı məmurların sözlərinə görə, ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da digər ölkələri Pekinə oxşar müraciət etməyə razı salmaq göstərişi verib.

“Biz bu məsələ ilə bağlı Çin Xalq Respublikası ilə əlaqə saxladıq ki, bundan narahat olduğumuzu və onların iki qonşu, Rusiya və Şimali Koreyanın sabitliyi pozan hərəkətlərindən narahat olması zərurətini bildirək”, - Dövlət departamentinin sözçüsü Metyu Miller məlumatı təsdiqləyib.

Lakin mənbələr Vaşinqton Çinin bu məsələdə Şimali Koreyaya təsir göstərəcəyinə “nikbin yanaşmadığını” bildiriblər. Telekanalla söhbətində NATO nümayəndəsi xatırladıb ki, Pekin Moskvaya göstərdiyi köməyi dayandırmır, Rusiya hərbi sənayesini ikili təyinatlı mallar, o cümlədən mikroelektronika və silah yaratmaq üçün lazım olan dəzgahlarla təmin edir.

ABŞ-nin son hesablamalarına görə, Şimali Koreya rəhbərliyi hərbi təlimlərdə iştiark etmək və döyüşmək üçün Rusiyaya 10 minə yaxın əsgər göndərib. “CNN”-in fikrincə, Koreya hərbçilərinin bir hissəsi artıq Ukrayna ərazisində ola bilər. Ukrayna kəşfiyyatının məlumatına görə isə, 3 minə yaxın Şimali Koreya hərbçisi Rusiya-Ukrayna sərhədindən 50 km aralı Kursk bölgəsində yerləşdirilib.

Yeri gəlmişkən, Pentaqonun sözçüsü general-mayor Pat Rayder keçirdiyi ənənəvi brifinqdə “bir neçə minlik” Şimali Koreya əsgərinin Rusiyanın Kursk bölgəsinə doğru hərəkət etdiyini və onların az bir hissəsinin artıq orada olduğunu bildirib.

Maraqlıdır ki, bir qədər əvvəl “Financial Times” Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya qoşun göndərməsinin Çini narazı saldığını yazmışdı. Xüsusilə, bu, Çinin Sədri Si Cinpinin rəsmi teleqramında öz əksini tapıb. Belə ki, kommunit Çinin yaradılmasının 75-ci ildönümü münasibətilə Kim Çen Inın təbrikinə görə təşəkkür edən Si Cinpin indiyə qədər müntəzəm şəkildə istifadə olunan “dost qonşu ölkə” ifadəsini buraxıb.

Daha sonra isə, Kazanda keçirilən BRİCS sammitində Çinin sədri Ukrayna münaqişəsində “odun üstünə yağ tökmək” siyasətindən əl çəkməyin və üçüncü ölkələrin münaqişəyə müdaxiləsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, son vaxtlar istər daxili, itərsə də xarici siyasət müstəvisində hadisələrin yedəyində gedən və artıq “axsaq ördəyə” çevrilmiş ABŞ prezidenti Co Bayden də Şimali Koreya hərbçilərinin Rusiyanın Kursk bölgəsinə gəlməsi ilə bağlı xəbərlərə münasibət bildirərərk, belə mesajların “onu narahat etdiyini” deyib. Onun sözlərinə görə, Ukrayna sərhədini keçəcəkləri təqdirdə, koreyalı hərbçilər Kiyevin qanuni hədəfinə çevrilməlidirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Çin   KXDR  





Xəbər lenti