İsrail-İran arasında gərginlik artır - Genişmiqyaslı müharibə ola bilərmi?

   İsrail-İran arasında gərginlik artır -    Genişmiqyaslı müharibə ola bilərmi?
  30 Oktyabr 2024    Oxunub:604
Məlum olduğu kimi, İran və İsrail arasında münasibətlər yenidən kəskinləşib. İsrail Silahlı Qüvvələri oktyabrın 26-da İranın cari ayın əvvəlində baş vermiş genişmiqyaslı raket hücumuna cavabən bu ölkədəki hərbi obyektlərə aviazərbələr endirib.
Marqlıdır, İran İsraillə genişmiqyaslı müharibəyə gedə bilərmi?

Məsələni AzVision.az -a şərh edən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, hər iki ölkənin rəsmiləri, hökumət başçıları öz aralarında birbaşa hücuma dair yeni yollar axtarırlar.

İran XİN: "Bütün mövcud vasitələrlə cavab verəcəyik"
“İran tərəfi İsrailə qarşı diplomatik fəaliyyətini davam etdirir. Bu günlərdə İranın xarici işlər naziri Abbas Araqçi bəyan etdi ki, İran cavab hücumunu özündə saxlayır və ona hazırlıq işləri görür. İran prezidenti də buna oxşar çıxışlar edir.

Bu, o deməkdir ki, İran gözlənilməz hücum üçün hazırlıq işləri görür. İsrail hökuməti bildirir ki, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Bununla isə İsrail həm də İranın nüvə təsisatlarına hücumu hədəfləyir”, - deyə qeyd edən S.Soltanın sözlərinə görə, baş verən proseslərin genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı indiki şəraitdə azdır:

“Ərəb ölkələri İran-İsrail müharibəsində tərəflərin heç birini müdafiə etmək istəmir. Çünki bu müharibə nə din, nə də ərəb müharibəsidir. Bu, İranın regionda maraqlarının təmin olunması istiqamətində İsraillə apardığı müharibədir. Eləcə də İsrailin regionda maraqlarını təmin etmək üçün iranyönümlü qüvvələrə və İrana qarşı müharibəsidir. Bu müharibəyə başqa ölkələrin qoşulması məntiqli deyil. Əgər regiona daxil başqa ölkələrin mənafeyinə problem yaranarsa, o halda həmin region ölkələrinin də müharibəyə qoşulması mümkündür. İndiki mərhələdə bu hələ gözlənilmir”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İran   İsrail   müharibə  





Xəbər lenti