Mərkəzi Bank regional mərkəzlərini bağlayır

   Mərkəzi Bank regional mərkəzlərini bağlayır
  31 Oktyabr 2024    Oxunub:421
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində Mərkəzi Bankın Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin cari ilin sonunda fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.
Bu barədə AzVision.az -a AMB-dən bildirilib. Qeyd edilib ki, qərarın qəbul edilməsi ölkədə fəaliyyət göstərən bankların nağd pulun logistikası üzrə regional infrastrukturunun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərin effektivliyinin artırılması ilə əlaqədardır.

Bununla da Gəncə Regional Mərkəzində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna Mərkəzi Bankın Yevlax Ehtiyat Mərkəzində, Quba Regional Mərkəzi və Sumqayıt Şəhər İdarəsində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna isə Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov 90 və Əliyar Əliyev 10 ünvanlarında yerləşən inzibati binalarında xidmət göstəriləcəkdir.

Aparılmış optimallaşdırma tədbirləri nəticəsində tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, köhnə nümunəli milli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi, pul nişanlarının ekspertizaya qəbulu, yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı vətəndaşlar Mərkəzi Bankın Bakı, Yevlax, Biləsuvar və Naxçıvan şəhərində yerləşən idarələrinə müraciət edə bilərlər.

AzVision.az



Teqlər:





Xəbər lenti