Qeyri-sabit hava kənd təsərrüfatına necə təsir edəcək? - Açıqlama
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov AzVision.az -a bildirib ki, yağıntılar payız mövsümü üçün xarakterik təbiət hadisəsidir.
Onun sözlərinə görə, yağıntıların normadan çox olması kənd təsərrüfatında bəzi prosesləri sürətləndirdiyi kimi, bəzi sahələrə qismən də olsa mənfi təsirini göstərir:
"Son zamanlar respublika ərazisinə düşən atmosfer yağıntılarının normadan çox olması kənd təsərrüfatına əsasən iki istiqamətdə təsir göstərir. Pambıq becərilən rayonlara az miqdarda olsa belə yağıntıların düşməsi məhsul yığımını ləngidir. Sahələrdə nəmlik səviyyəsinin yüksək olması məhsulun texnika vasitəsilə tam və itkisiz yığılmasına imkan vermir. Eyni zamanda davamlı yağıntılar məhsulun keyfiyyətinə də mənfi təsir göstərir. Hazırda bölgələrdə pambıq yığımı davam edir, sahələrdə məhsul boldur, yığımın optimal müddətdə başa çatacağını gözləyirik".
V.Hüseynov yağıntıların taxılçılığa müsbət təsiri olduğunu da qeyd edib:
"Hazırda payızlıq əkinlər davam edir. Taxıl əkinlərinin xeyli hissəsi dəmyə ərazilərdə aparılır. Dəmyə əkilən taxılın becərilməsi əhəmiyyətli dərəcədə atmosfer yağıntılarından asılıdır. Bu mənada yağıntıların olması dəmyə ərazilərdə taxıla müsbət təsir göstərir. Həmçinin səpin prosesini sürətləndirir, çünki fermerlər dəmyə ərazilərdə məhz yağıntılardan sonra, torpağın alt qatında su ehtiyatı toplandıqda səpinə başlayırlar".
Həmidə İbrahimova
AzVision.az
Teqlər: kəndtəsərrüfatı hava qeyri-sabithava