COP29-a gələnlər üçün peyvəndlər və diaqnostik testlər gətirilib

 COP29-a gələnlər üçün peyvəndlər və diaqnostik testlər gətirilib
  30 Oktyabr 2024    Oxunub:1282
COP29 konfransı miqyasca geniş olmaqla yanaşı, qlobal arenada əhəmiyyətli təsirə malikdir. Azərbaycan olaraq bu tədbirə yüksək səviyyədə ev sahibliyi etmək üçün bütün imkanlarımızı birləşdirərək hazırlıq işləri görmüşük. COP29-un mövzu və təşkilatçılıq baxımından yüksək səviyyədə həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur və bunun ölkəmiz üçün böyük əhəmiyyəti var.
AzVision.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, qonaqların səhhəti ilə bağlı hər hansı problemin vaxtında aşkarlanması üçün məsafədən bədən hərarətinin ölçülməsi və ilkin diaqnostika üsullarından istifadə olunacaq. Bu proseslər Beynəlxalq Hava Limanında tətbiq ediləcək və hər hansı bir xəstəlik aşkarlandığı halda, dərhal müvafiq tədbirlər görüləcək:

"Bir çox infeksion xəstəliklərin ilkin əlaməti yüksək temperaturdur. Gələn qonaqlarda kimdəsə infeksion xəstəlik olarsa, aşkarlanacaq və əgər şübhəli hallar olarsa, həmin şəxsin müayinə və müalicə olunması təşkil olunacaq. Meymunçiçəyi, COVID19 və digər respirator infeksiyaların laborator diaqnostikası üçün lazım olan diaqnostik testlər gətirilib. Dünyanın müxtəlif yerlərindən – Asiya, Afrika və Latın Amerikası ölkələrindən gələn iştirakçıların tibbi vəziyyətini nəzərə alaraq, potensial xəstəliklər barədə məlumatlı olmaq və önləyici tədbirlər görmək prioritet təşkil edir.

Bu istiqamətdə TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi və COP29 Azərbaycan Əməliyyat Şirkəti birlikdə hazırlıqları davam etdirir. Profilaktik tədbirlərdən xəstəliklərin müalicəsinə qədər geniş sahələri əhatə edən tibbi xidmətlər qonaqların sağlamlığını qorumağa yönəlib. COP29 çərçivəsində səhiyyə və qeyri səhiyyə olaraq ümumi 9 xəstəxana ayrılıb".

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti