Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsi anılıb - FOTOLAR

 Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsi anılıb -    FOTOLAR
  18 Yanvar 2020    Oxunub:4126
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində(DMX) anım mərasimi keçirilib. DMX-dan Azvision.az -a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsini əks etdirən foto sərgi ilə tanış olublar.
Xidmətin akt zalında davam edən anım mərasimi Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək 30 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdən danışıb.



Bildirib ki, respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciəyə səbəb oldu. Milli azadlıq hərəkatını boğmaq, xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə əliyalın əhaliyə divan tutulub, 147 günahsız insan qətlə yetirilib, 744 nəfər yaralanıb.



Həmin gecə doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Lakin sovet rəhbərliyinin milli azadlıq hərəkatını qan gölündə boğmaq niyyəti baş tutmadı, xalqımız müstəqilliyə qovuşdu. 20 yanavar Azərbaycanın azadlığa gedən yolunun başlanğıcı oldu.



Xidmət rəisi 20 Yanvar faciəsinə ilk siyasi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb və Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlardan, eləcə də şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, 20 Yanvar faciəsi xalqımızın müstəqillik arzusunun və mübarizliyinin, müstəqil dövlətçiliyimizin rəmzi abidəsinə çevrilib. Tədbir "Salnamə" sənədli filmlər studiyasının hazırladığı, premyerası 17 yanvar tarixdə Nizami kino mərkəzində olmuş “Silahdaşlar” filminin nümayişi ilə başa çatıb.

Azvision.az




Teqlər: DMX   20-Yanvar  





Xəbər lenti