"Anamı tap, ondan muğayat ol dedi"

   "Anamı tap, ondan muğayat ol dedi"
  24 May 2024    Oxunub:819
“İki əvvəl yuxumda bir oğlan gördüm. O, mənə “anamı tap, ondan muğayat ol” dedi. Zaman keçdi. Bir müddət sonra həmin şəxs yenə yuxuma gəldi. Yenə də “anamı tap, ondan muğayat ol, oğlu şəhid olan ağlamaz” dedi. Ayılanda həmin oğlanın şəhid olduğunu anladım, lakin kim olduğunu bilmirdim”.
AzVision.az xəbər verir ki, bunu “Biz bir ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təqdimatı keçirilən “Yuxumdakı şəhid” sənədli filminin ərsəyə gəlmə səbəbi haqqında məlumat verərkən deyib.

Onun sözlərinə görə, bir şəhidin məclisində təsadüfən bir ananın sinəsindəki şəhid şəkli diqqətini çəkib:

“Şəkildəki şəhidin siması mənə haradansa tanış gəlirdi. Elə həmin an yuxumu xatırladım, bu, həmin şəhiddir deyib adına baxdım, anası ilə tanış oldum. Olanları ona danışdım. Ana da təəccübləndi. Uzun zamandan sonra yaşadıqlarımı lentə almağa, sənədli film çəkməyə qərara aldıq. Yaşadığım hadisənin təsirindən hələ də çıxa bilmirəm. Hər dəfə kimsə məndən qardaşımın olduğunu soruşanda, mən xeyr cavabını verirdim. Lakin indi həmin suala “bəli, var, amma şəhid olub” deyirəm. Mən bu gün fəxrlə yaxşı ki, yuxuda olsa belə Cavidi tanıdığımı deyirəm. Ruhun şad olsun, Cavid qardaşım”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti