Fransada və Azərbaycanda yəhudilərin vəziyyətinin fərqi - İcma rəhbərilə söhbət + Fotolar

 Fransada və Azərbaycanda yəhudilərin vəziyyətinin fərqi -  İcma rəhbərilə söhbət + Fotolar
  07 Aprel 2024    Oxunub:9732
Azərbaycan antisemitizm hallarının olmadığı nadir ölkələrdəndir. "Tolerantlıq adası" adı verilən Azərbaycanda yaşayan etnik azlıqların, dinlərin və konfessiyaların nümayəndələri əsrlərdir ki, dostluq, qardaşlıq mühitində fəaliyyət göstərirlər.
Bu mənada Dağ yəhudiləri xüsusilə seçilirlər. Bəs yəhudilərin ölkəmizə daha çox bağlanmasının sirri nədədir? Avropadan, dünyanın müxtəlif nöqtələrində fərqli olaraq, Azərbaycanda antisemitizmlə rastlaşmayan yəhudilər ibadətlərini daha çox harada və necə təşkil edirlər? Bu suallara cavab tapmaq üçün Bakı Dağ Yəhudiləri Sinaqoqunda olduq.


Sinaqoqun fəaliyyəti haqqında danışan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev deyir ki, Allahın evində hər kəs rahat şəkildə ibadətini edə bilir. Onun sözlərinə görə, hələ 2010-cu ildə Bakı şəhərində aparılan yenidənqurma və əsaslı bərpa işləri ilə əlaqədar Dağ yəhudiləri üçün yeni sinaqoqun inşasına ehtiyac yaranıbmış. Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı ilə bu işə başlanılıb. 2011-ci ilin aprelin 5-də isə Dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilib. Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda digər yəhudi məbədlərindən fərqlənən sinaqoqun açılış mərasimində rəsmi şəxslərlə yanaşı, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, yəhudi icmasının üzvləri, eləcə də İsrail, Rusiya və digər ölkələrdən qonaqlar iştirak ediblər.


Azərbaycan yəhudilərini sevindirən başqa bir mühüm hadisə də var. Bu, Azərbaycan Prezidentinin Sərəncamı ilə yəhudi dini mədəni mərkəzinin tikintisinə başlanılmasıdır.

Müsahibimiz yəhudilərin qədim mədəniyyətindən söz açaraq, onların 2500 ildən çoxdur ki, bu torpaqlarda yaşadıqlarını xatırlatdı: “Biz Azərbaycan torpaqlarında məskunlaşan zaman əsasən Şahdağın ətəklərində yaşamağa başladıq. Yəqin ki, dağlara yaxın məskunlaşdığımız üçün bizə "dağ yəhudiləri" deyirlər. Bundan başqa, mentalitetimiz buranın dağ insanlarınınkı kimidir. Onlar üçün nələr müqəddəsdirsə, bizim üçün də belədir. Biz uzun əsrlər ərzində bu torpaqlarda bütün millətlərlə sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışıq. Azərbaycan bizim ana, İsrail isə tarixi Vətənimiz sayılır. Bizim müdriklər belə deyirlər: Xoşbəxt o kəsdir ki, evində xoşbəxtdir. Azərbaycan bizim evimizdir. Onun xoşbəxtliyi uğrunda həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı övladlarımız digər xalqlarla çiyin-çiyinə döyüşdülər. Albert Aqarunov kimi qəhrəmanımız var. İllər öncə onun adını daşıyan küçədə gözəl bir heykəlin açılışını etmişdik. Qarabağda olanda isə belə bir təşəbbüslə çıxış etmişəm ki, Şuşada da balaca bir bağa Aqarunovun adını verək, orada büst qoyaq. Bundan başqa, onun Şuşanın müdafiəsi zamanı şəhid olduğu yerdə lövhə qoymağı da təklif etmişəm. Bu təklifə dəstək olaraq parlamentdə çağırışlar edilib”.


İcma rəhbəri yəhudilərə qarşı bir dəfə də olsun ayrı-seçkiliyin olmasını, təzyiqlərin edilməsini görmədiyini söylədi. O bu barədə nəinki dədə-babadan eşitməyib, heç bir tarixi sənədlərdə də söz açılmadığını vurğuladı.

Sinaqoq yüksək səviyyədə diqqətdə saxlanılır. Hər il icmanın fəaliyyətinə dəstək üçün dövlət tərəfindən maliyyə yardımı ayrılır. Sonuncu dəfə maliyyə dəstəyi 350 min manat təşkil edib. Milix Yevdayev xatırladıb ki, ölkəmizdə Dağ yəhudiləri ilə yanaşı, Avropa, Gürcü yəhudilərinə də maliyyə dəstəyi göstərilir. Dağ yəhudilərinə ayrılan vəsaitdən isə Quba, Oğuz, Gəncə icmalarına dəstək göstərilir: “Dövlətin bu qayğısı bizə imkan verir ki, sinaqoqun, icmanın həyat fəaliyyətini tamamilə yüksək səviyyədə saxlaya bilək. Bu barədə nəinki İsraildə olarkən, səfər etdiyim bütün ölkələrdə də söz açmışam. Bu mövzudan danışan zaman çoxları belə bir dəstəyin real olmasına inanmırdı”.


İcma rəhbəri deyir ki, sinaqoqa yəhudi dinini qəbul etmək istəyi ilə bağlı xeyli müraciətlər də olur: “Amma mən belə şeylərin tərəfdarı deyiləm. Bir dəfə dinini dəyişən, bunu ikinci dəfə də edər…”

İcma dövlətin ayırdığı maliyyə vəsaitindən xoşməramlı tədbirlər üçün də istifadə edir. Hər ay 300-ə yaxın ailəyə maddi yardımlar edilir.

- İbadət yerləri, Allahın evləri adlandırdığımız müqəddəs məkanlar insanlar üçün sonuncu nicat yeri sayılır. Çalışıram sinaqoqun qapısından içəri girən heç kim buradan naümid şəkildə geri qayıtmasın. Gələnlərin hansı dindən, millətdən olmasının bizim üçün fərqi yoxdur. Burada hər kəsə eyni gözlə baxırıq. Yəhudi olmayan xeyli sayda xəstəyə, kimsəsizlərə dəstək göstərir, belə sıxıntılarla yaşayan insanlar bizdən yardımlar da aparırlar, - müsahibimiz qeyd edib.


Söhbət əsnasında məlum oldu ki, hər gün sinaqoqa dini ayinlərin baş tutması üçün bəlli sayda yəhudi toplaşmalıdır. Əgər sinaqoqa ibadət üçün gələnlərin sayı 10 nəfərdən az olsa, ayin reallaşmır: “Biz buna "minyan" deyirik. İdarə heyəti ilə qərar verdik ki, yaratdığımız minyana daxil olan 14 şəxsə müəyyən maddi dəstək göstərək, onlara yol xərci verək. Çünki bu adamlar sinaqoqa səhər və axşam saatlarında Bakının dörd bir yanından toplaşırlar. Əvvəl aylıq yol xərcini 80 manat verirdik. Sonra bu rəqəm 100, indi isə 130-a qalxdı. Bundan başqa, ibadətə gələnlərə hər səhər pulsuz isti səhər yeməyi də veririk. Qadınlar ibadət zalının ikinci mərtəbəsində otururlar”.

Sinaqoqda ibadətə gənc ravvin Avraam Yakubov rəhbərlik edir. O, burada 2013-cü ildən fəaliyyət göstərir. Qubada yəhudilərin kollecini bitirən Avraam Moskvada və İsraildə təcrübələr keçib. İcma rəhbəri onu perspektivli ravvin adlandırdı.


Yəhudilər Azərbaycanda nəinki sərbəst, azad şəkildə dini ayinlərini icra edə bilirlər, milli, dini geyimlərində, kipa adlanan papaqları ilə küçələrdə də rahat şəkildə gəzə bilirlər. Amma eyni şeyi başqa ölkələr haqqında demək olmur. Dini dözümsüzlük xüsusən də Avropada tüğyan edir. Bunu icma rəhbəri də təsdiqlədi: “Bir dəfə Parisdə olarkən şəhəri kipa taxaraq gəzmişdim. Mənə xəbərdarlıq etdilər ki, Fransada başımızdakı papaqla bağlı ehtiyatlı olaq. Yəni buranın küçələrində hər şey ola bilər. Bundan başqa, biz Fransada sinaqoqa daxil olmaq üçün əli avtomatlı mühafizəçilərin dayandığı xüsusi dəhlizdən keçirdik. Hər 10 metrdən bir kaskada, zirehli geyimdə olan silahlılar Allahın evini qoruyurdular. Azərbaycanda belə hala rast gələrsinizmi? Xeyr!”


Müsahibim Fransadan Bakıya gələn qonaqların yəhudilərin rahat şəkildə Şabat bayramını qeyd etmələrindən təəccüblənməsini də xatırlatdı: “Fransada 400 nəfərə qədər insanın toplaşdığı bir mühüm tədbirdə idim. Parisin ravvini çıxışı zamanı belə bir fikir səsləndirdi ki, “biz küçəyə çıxanda fransız, evdə isə yəhudi oluruq”. Mənə söz veriləndə isə ravvinə üzümü tutub dedim ki, sizdən fərqli olaraq biz Azərbaycanda küçədə də, evimizdə də yəhudi oluruq”.

Milix Yevdayev Azərbaycana xaricdən xüsusi nümayəndə heyətinin gəlməsini də xatırladıb. Həmin şəxslər Azərbaycana dair hesabat hazırlamalı imişlər. İcma rəhbəri qonaqları Qubaya aparıb, onlar Qırmızı qəsəbədəki şəraitlə tanış olublar: “Geri qayıdanda nümayəndə heyətinə bir məsləhət verdim. Dedim ki, sizdə, elə bizdə də şeytanlar var. Amma sizin şeytanlarınız daha abırsızdılar, nəinki bizimkilər… Sadəcə sizdən bir xahişim olacaq. Nə istədiyinizi yox, gördüklərinizi qeydə alarsınız. Mən demirəm ki, bizi tərif edin. Bu heç bizə lazım da deyil. Amma dürüst olun, nə müşahidə etdinizsə, onu da hesabatınıza salın. Gedib gördüklərinin əksini yazdılar”.


İcma rəhbəri ABŞ Dövlət Departamentinin də dini azadlıqlarla bağlı “nöqsanlar”ını tənqid etdi: “Bəyəm bizdə dini etiqad azadlığı yoxdur? Sadəcə olaraq onlar nə görmək istəyirlərsə, onu da görürlər”.

Milix Yevdayev deyir ki, Azərbaycana qarşı ikili standartlar son zamanlarda formalaşmayıb. Belə hallarla otuz il ərzində tez-tez rastlaşmışıq. Bu amil nəinki dini kontekstdə, siyasi məcrada da xalqımızın əleyhinə cərəyan edib. O, 30 ildə nə ATƏT-in, nə də hansısa başqa beynəlxalq təşkilatın Azərbaycanın haqq işi ilə bağlı müsbət bir tədbir görmədiyini xatırlatdı: “Cənab Prezident də bunu hər zaman öz çıxışlarında qeyd edib. Nə qədər ki, Azərbaycan qələbə qazanmamışdı, ədaləti güc yolu ilə bərpa etməmişdi, heç kim bu qədər bizə qarşı qıcıq olmurdu. İndi xalqımızın, ölkəmizin hər uğurlu addımı bizi istəməyən dövlətlərdə, müəyyən dairələrdə qıcıq yaradır. Artıq dünyada, dövlətlər arasında öz güclü mövqeyimiz var. Ölkəmizi həmin dövlətlərin siyasətləri üçün maneə görürlər. Ona görə də biz gücləndikcə, dirəniş göstərdikcə bu qıcıqlanmalar da qalacaq. Hətta Ermənistanla sülh müqaviləsinə nail olsaq belə, yenə də Azərbaycanı rahat buraxmayacaqlar. Bu ikili standartlar, olub, hazırda davam edir və bundan sonra da olacaq. Müdriklərin belə bir kəlamı var: “Ədalət gücə bağlıdır. Güc olmayan yerdə ədaləti tapa bilməzsən”. Biz də ədaləti ancaq güc yolu ilə bərpa edə bilərdik”.

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər: Sinaqoq   Yəhudi   Din   İbadət  





Xəbər lenti