Qarabağın bərpasına nə qədər vəsait xərclənib?

   Qarabağın bərpasına nə qədər vəsait xərclənib?
  23 May 2024    Oxunub:804
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5 milyard 581,6 milyon manat vəsait ayrılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası” haqqında hesabatda qeyd olunub.

Bu vəsaitin 4 milyard 800 milyon manatı və ya 86 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və ya 2,6 faizi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, 138,9 milyon manatı və ya 2,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür.

Həmin vəsaitin 5 milyard 245,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 3 milyard 773,8 milyon manat (avtomobil yollarına 3 milyard 471,8 milyon manat, dəmir yollarına 302 milyon manat), yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına (839,5 milyon manat), yeni su elektrik stansiyalarının və enerji qovşaqlarının tikintisinə (337,4 milyon manat), meliorasiya işlərinə (245,5 milyon manat), kadastr xidmətlərinin həyata keçirilməsinə (16,6 milyon manat), ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına (6,6 milyon manat), turizm infrastrukturunun qurulmasına (4,3 milyon manat), bərk məişət tullantıları infrastrukturunun yaradılmasına (2,9 milyon manat) və digər infrastruktur layihələrinə (18,9 milyon manat), 110,2 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 106,8 milyon manatı müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərinin tikintisinə və təmirinə, 59,7 milyon manatı sosial təyinatlı layihələrin (təhsil, səhiyyə, mədəniyyət, idman və bu kimi digər sosial tədbirlərə), 59,4 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.

AzVision.az


Teqlər:





Xəbər lenti