Rəisinin helikopteri necə qəzaya uğradı? - İlkin nəticələr açıqlandı

   Rəisinin helikopteri necə qəzaya uğradı? -    İlkin nəticələr açıqlandı
  24 May 2024    Oxunub:1083
İran Silahlı Qüvvələrinin Baş Qərargahı prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb.
“Müxtəlif ixtisaslaşdırılmış və texniki sahələrdən qəzanın səbəblərini göstərə biləcək əhəmiyyətli miqdarda məlumat toplanıb. Bəzi məsələlər yekun nəticəyə gəlmək üçün daha çox vaxt tələb edir və araşdırılır”,- Tasnim agentliyi Silahlı Qüvvələrin Baş Qərargahının mətbuat xidmətinə istinadən xəbər verir.

Qəzaya uğrayan helikopterin pilotunun kortejdə olan digər iki helikopterin pilotları ilə təmasda olduğu bildirilir.

“Qəzadan bir dəqiqə yarım əvvəl helikopter planlaşdırılan marşrut üzrə hərəkət edirdi və müəyyən edilmiş uçuş yolundan çıxmamışdı”, - məlumatda deyilir.

Eyni zamanda, təhqiqatda güllə izləri aşkar edilməyib, təyyarə yalnız təpə - dağla toqquşduqdan sonra alovlanıb.

Xatırladaq ki, mayın 19-da ölkənin şimal-qərbində Verzeqan bölgəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdollahian və digər rəsmiləri daşıyan helikopter qəzaya uğrayıb. Səhəri günü səhər saatlarında İranın vitse-prezidenti Möhsün Mənsuri prezidentin və onun nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə bağlı xəbərləri təsdiqləyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti