Vətəni üçün ölməyi seçdi! - İgid əsgərin qızı danışdı

   Vətəni üçün ölməyi seçdi! -   İgid əsgərin qızı danışdı
  23 May 2024    Oxunub:1325
“Atama demişdilər ki, müharibəyə yararsızdır, səhhətinə görə Bakıda qalmalıdır. Ancaq o bununla razılaşmayıb, canını yox, vətənini seçib”.
Bunu AzVision.az -a açıqlamasında "İgid əsgər, möhkəm dayan" mahnısının həsr olunduğu Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Yusif Mirzəyevin qızı Nurlana Mirzəyeva deyib. O bildirib ki, atasının anım günündə onun adını daşıyan 44 nömrəli məktəbə gedib və qəhrəmana həsr olunmuş tədbirdə iştirak edib.

- Sağ olsunlar, onun adını daşıyan məktəb hər il atamı yad edir. Döyüş yoldaşları da bizi tək qoymur. "İgid əsgər, möhkəm dayan" mahnısının ifaçısı Şəmistan Əlizamanlı ilə tez-tez əlaqə saxlayıram, Qarabağ qazisi Rey Kərimoğlu da bizi unutmur.



Atamla bağlı xatirəm azdır. Çünki o rəhmətə gedəndə 6 yaşım var idi. Buna baxmayaraq, mənim qəhrəman obrazım Yusif Mirzəyevdir. Onun adını oğluma vermişəm. 17 yaşı var. Ailəmiz istəyir ki, babasının ali təhsil aldığı universitetə daxil olsun. Yusif Mirzəyevin adını bu cür yaşatmağa çalışıram.


Bilirsiniz ki, o, Naxçıvanda şəhidlər xiyabanında dəfn olunub. Ora gedəndə ilk işim atamın məzarını ziyarət etmək olur,- deyən Nurlana xanımın bir arzusu da var. O, atasının şəhid olduğu Ağdərəni ziyarət etmək istəyir.

- Ağdərədə Yusif Mirzəyevin adına küçə olması üçün icra hakimiyyətinə müraciət edəcəyəm. Ümumiyyətlə, Qarabağ mənim yaralı yerimdir. Bu gün bibim tədbirdə çıxış edəndə dedi, Yusifin çox arzuları var idi, hamısı yarımçıq qaldı. Mən isə deyirəm ki, atam arzusuna çatdı. Onun dərdi Vətən idi. Müharibənin bitməsini istəyirdi.

Ona demişdilər ki, müharibəyə yararsızsan, Bakıda qal, atam razılaşmamışdı. Vətən üçün ölməyi seçmişdi .



Bu gün mən həkim işləyirəmsə, üzümə qapılar açılıbsa, evim varsa, atama görədir. Doğrudur, seçimim olsaydı, atamı seçərdim. Evim olmazdı, amma atam sağ olardı. Ancaq tale belə gətirdi. Onunla görüşüm deyə cənnəti qazanmaq istəyirəm.



Xatırladaq ki, Yusif Mirzəyev 1958-ci il mayın 23-ü Naxçıvanın Böyükdüz kəndində anadan olub.

1990-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilib.

Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnib. Buna baxmayaraq o, Birinci Qarabağ müharibəsinin başladığını eşidəndə könüllü cəbhəyə yollanıb.

Y.Mirzəyev Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. 14 nəfərlik dəstəsi ilə birlikdə müxtəlif istiqamətlərdə düşmənə qarşı mübarizə aparıb. Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub.



Lakin bir müddət keçdikdən sonra onun səhhəti pisləşib. Yerləşdirildiyi xəstəxanada hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ilə eyni otaqda müalicə alıb. Onları müalicə edən həkim Şahin Musaoğlu bir gün yaxınlaşaraq deyib ki, “mən vətənpərvərlik mövzusunda bir mahnı yazmışam”. Mahnı barədə qısa söhbətdən sonra Mirzəyev həmin mahnının sözlərini çox bəyəndiyini bildirib. Və Şəmistana bu mahnını oxumasını xahiş edib. Ş. Əlizamanlı isə mahnını mütləq oxuyacağını və ona həsr edəcəyinə söz verib. Yusif Mirzəyev tam sağalmamış yenidən cəbhəyə qayıtmaq istədiyini bildirib. Səhhətinin ağır olduğu deyilsə də o, “bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir” deyərək yenidən cəbhəyə qayıdıb.

1993-cü il 19 fevralda Ağdərədə mühasirəyə düşmüş əsgərləri xilas etməyə çalışarkən özü şəhid olub. Həmin ilin martında Yusif Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Şəmistan Əlizamanlı isə söz verdiyi "İgid əsgər, möhkəm dayan" mahnısını ifa edərək Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr edib.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti