AMEA-da iclas keçirilib
Sonra Kimya Elmləri Bölməsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev bölmənin hesabat məruzəsi ilə çıxış edib. Akademik hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA rəhbərinin sərəncamları və Rəyasət Heyətinin qərarlarının əsas götürüldüyünü bildirib.
Bölmə üzrə statistik məlumatları diqqətə çatdıran akademik D.Tağıyev ötən il elmi müəssisələrdə 12 problemə aid 43 mövzu üzrə tədqiqat işinin aparıldığını və 11 mövzunun tamamlandığını deyib. Vurğulayıb ki, bölmənin elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri elmi fundamental tədqiqatlar sahəsində 21 mühüm elmi nəticə əldə ediblər. Məruzəçi bildirib ki, institutlarda 20 patent alınıb. O, hesabat ilində elmi müəssisələr tərəfindən təklif edilən üç tətbiqi xarakterli işin müxtəlif təşkilatlarda sınaqdan keçirildiyini və müsbət nəticələr əldə olunduğunu da əlavə edib.
Kadr hazırlığından danışan akademik bildirib ki, elmi müəssisələrdə fəlsəfə doktoru hazırlığı üzrə 39, elmlər doktoru hazırlığı üzrə 33 doktorant təhsil alır. Bölmənin elmi müəssisələrində 11 işin müdafiəyə hazırlandığını diqqətə çatdıran alim hesabat ilində magistratura pilləsinə dövlət sifarişi əsasında 18 nəfərin qəbul olunduğunu deyib.
Tədbirdə bölmənin nəşriyyat fəaliyyəti haqqında məlumat verən D.Tağıyev qeyd edib ki, əməkdaşlar tərəfindən hazırlanmış 6 monoqrafiya və 14 kitab işıq üzü görüb. 226 məqalə impakt faktorlu jurnallarda dərc edilib. 403-ü xaricdə olmaqla 1115 məqalə və tezis çap olunub.
D.Tağıyev bölmənin institutlarında beynəlxalq elmi əlaqələrin hesabat ilində də davam etdirildiyini, bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirildiyini nəzərə çatdırıb. Natiq məruzəsində elmi müəssisələrdə keçirilən konfrans və yubileylər, struktur dəyişiklikləri, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası, gənc alim və mütəxəssislərin fəaliyyəti ilə bağlı məsələlərə də toxunub.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə akademiklər – Vaqif Abbasov, Vaqif Fərzəliyev və Rasim Əliquliyev, AMEA-nın müxbir üzvləri Bəxtiyar Məmmədov və Məhəmməd Babanlı iştirak ediblər.
Rəyasət Heyəti bir sıra təklif və mülahizələri nəzərə alaraq bölmənin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edib. Kimya Elmləri Bölməsi və bölmədənkənar elm və təhsil müəssisələri üzrə 2019-cu ildə alınmış mühüm elmi və tətbiqi nəticələrin təsdiqi və AMEA-nın illik hesabatına salınması qərara alınıb. Elmi tədqiqatların “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda öz əksini tapan prioritet istiqamətlər üzrə aparılması, kimyəvi və texnoloji proseslərin tədqiqində riyazi modelləşmə və informasiya texnologiyalarından istifadə edilməsi, bölmənin institutlarında elmtutumlu texnologiyaların işlənilməsinə diqqətin artırılması və AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əlaqələrin gücləndirilməsinə dair bölməyə tapşırıqlar verilib.
Qərarda elm və təhsilin inteqrasiyası, beynəlxalq təşkilatların qrant müsabiqələrinə təqdim edilən layihələrin rəqabət qabiliyyətinin yüksəldilməsi, “Web of Science” bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayının artırılması, elmin populyarlaşdırılmasına dair tapşırıqlar da yer alıb. Bölmənin elmi müəssisələrinə müxtəlif istiqamətli tədqiqatların davam etdirilməsi tapşırılıb.
Gündəlikdə yer alan növbəti məsələ Gəncə Bölməsinin hesabatı barədə olub. Bölmənin sədri, akademik Fuad Əliyev hesabat ilində bölmənin elmi müəssisələrində aparılan tədqiqatların Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Rəyasət Heyətinin qərarlarının əsasında həyata keçirildiyini bildirib. Vurğulayıb ki, hesabat ilində Gəncə Bölməsinin elmi müəssisələri öz fəaliyyətlərində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”, “Azərbaycan-2020: gələcəyə baxış İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan Elminin İnkişaf Doktrinası”, AMEA-nın ümumi yığıncağının müddəalarının və dövlət proqramlarını əsas götürüb.
Bölmənin statistik göstəriciləri haqqında məlumat verən alim qeyd edib ki, elmi müəssisələrdə dörd problemi əhatə edən 23 mövzuda 38 mərhələdə 27 iş üzrə tədqiqatlar aparılıb. İnstitutlarda hesabat ilində cəmi 122 əsər, 1 kitab, 3 monoqrafiya, 88 məqalə və 30 tezis nəşr olunub. Bununla yanaşı, məruzəçi xaricdə 32 məqalə və 9 tezisin dərc olunduğunu söyləyib. F.Əliyev vurğulayıb ki, impakt faktorlu jurnallarda 19 məqalə işıq üzü görüb. Bölmənin elmi işçilərinin əsərlərinə olan istinadların sayı 137-dir. Hazırda bölmənin elmi müəssisələrində elmlər doktorluğu hazırlığı üzrə doktoranturada iki, dissertanturada üç, fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturada 6 və dissertanturada 10 nəfər təhsil alır.
Alim hesabat ilində bölmənin beynəlxalq elmi əlaqələrinin davam etdirildiyini bildirib. Qeyd edib ki, əməkdaşlar İtaliyanın Aralıq dənizi hövzəsi və Yaxın Şərq Tədqiqatları Mərkəzi, Fransanın İkinci Lion Universiteti, Çexiya Elmlər Akademiyası, Polşanın Yaqellon (Krakov) Universiteti, Rusiyanın Kabardin Balkar Dövlət Universiteti, Dubna Nüvə Tədqiqatları Mərkəzi və digər xarici qurumlarla birgə fəaliyyət göstəriblər.
Bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ötən ildə 12 respublika və 10 beynəlxalq elmi konfransda məruzəçi və moderator kimi iştirak ediblər. Gənc tədqiqatçıların dünyanın 10-a yaxın ölkəsinin nüfuzlu impakt faktorlu jurnallarında 40-a qədər elmi əsərləri çap edilib.
İnformasiya Texnologiyaları şöbəsinin əməkdaşları Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyaya əsaslanaraq elektron elmin inkişafı ilə bağlı konkret işlər həyata keçiriblər.
İclasda elm və təhsilin inteqrasiyasından danışan akademik F.Əliyev deyib ki, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin Gəncə Bölməsində yaradılmış sahə kafedraları fəaliyyətini davam etdirib, gənc elmi kadrların hazırlanması məqsədilə elmi əsər, məqalə və monoqrafiyaların nəşri, müştərək elmi-tədqiqat işlərinin, akademik və informasiya mübadilələrinin aparılması istiqamətində birgə işlər görülüb.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, təklif və mülahizələr səsləndirilib. Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Gəncə Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı qəbul olunub.
Tədbirdə akademik F.Əliyevin 70 illik yubileyi ilə bağlı qərar qəbul edilib.
Teqlər: AMEA