Valideynləri olmayan uşaqlar üçün sosial aksiya - Fotolar

Valideynləri olmayan uşaqlar üçün sosial aksiya -    Fotolar
  09 Sentyabr 2019    Oxunub:2062
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) birgə təşkilatçılığı ilə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Valideyn himayəsindən məhrum olan uşaqlarla bir gün” adlı sosial dəstək aksiyası həyata keçirilib.
ASC-dən Azvision.az -a verilən məlumata görə, aksiyanın əsas məqsədi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün layihə çərçivəsində maraqlı və əyləncəli bir gün təşkil etmək, onlarda kənd təsərrüfatının müxtəlif sahələrinə maraq yaratmaq olub.



Tədbirdə çıxış edən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) ölkə üzrə direktoru Park Kumok təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, Koreya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın bugünkü vəziyyəti və gələcək perspektivlərindən danışıb. Bildirib ki, KOICA mütəmadi olaraq bu cür sosial tədbirləri dəstəkləyir və gələcəkdə də belə tədbirlərin təşkilində iştirak edəcək.



“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova rəhbərlik etdiyi qurumun mütəmadi olaraq sosial öhdəlik daşıyan ictimai fəaliyyət həyata keçirdiyini bildirib: “ASC olaraq korporativ sosial məsuliyyət anlayışına önəm veririk. Bu gün təşkil olunan tədbirdə isə əsas məqsədimiz valideyn himayəsindən məhrum uşaqlarda kənd təsərrüfatının müxtəlif sahələrinə maraq oyatmaq, onlarla əyləncəli bir gün keçirməkdir. ATT tərəfindən “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində məktəblilər, tələbələr və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bu cür sosial-ictimai əhəmiyyətli tədbirlər gələcəkdə də davam etdiriləcək”.



Qeyd edək ki, günün proqramı kifayət qədər geniş və rəngarəng olub. Uşaqlar əvvəlcə onlar üçün təşkil edilən şən və əyləncəli proqramda iştirak ediblər. Burada uşaqların əl işlərindən ibarət sərgi də təşkil edilib, bütün şagirdlərə uşaqlara məktəb ləvazimatları hədiyyə edilib. Daha sonra “Şəhərdən Kəndə” layihəsi çərçivəsində uşaqların Atçılıq Mərkəzinə səfəri təşkil edilib. Burada uşaqlar müxtəlif cins atların bəslənmə və saxlanma şəraiti ilə tanış olub, kənd təsərrüfatının bu sahəsinin incəlikləri barədə məlumat əldə edib.



Azvision.az



Teqlər: Aksiya  





Xəbər lenti