Əli Əhmədov Türkiyəli nazirlə görüşüb
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrdən danışılıb. Baş nazirin müavini bu əlaqələrin ildən-ilə genişləndiyini diqqətə çatdırıb, müxtəlif illərdə imzalanmış sənədlərin, keçirilmiş tədbirlərin əhəmiyyətini vurğulayıb. O, Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Əli Əhmədov Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin əsrlərboyu davam edəcəyini söyləyib.
Xanım Jülide Sarıeroğlu əmək və sosial müdafiə naziri vəzifəsində ilk səfərini qardaş Azərbaycana etdiyindən məmnunluğunu bildirib. O, ölkəmizdə gördükləri qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edib. Nazir Azərbaycanda özlərini doğma vətənlərindəki kimi hiss etdiklərini söyləyib.
Ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayan xanım nazir sosial müdafiə sahəsində də əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Əli-Əhmdəov Türkiyə