ATƏT-in həmsədri narahatdır

ATƏT-in həmsədri narahatdır
  27 Sentyabr 2013    Oxunub:1097
ATƏT-in amerikalı həmsədri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən narahatdır
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən narahatdır. C.Uorlik bu barədə "Amerikanın səsi"nin Ermənistan bölməsinə verdiyi müsahibəsində bəyan edib.

C.Uorlik bildirib: "Mənim ATƏT tərkibində təmas xəttinə baş çəkmək imkanım oldu. Təmas xəttində gərginlik var. Düşünürəm ki, bizim etmək istədiyimiz aktiv hərbi əməliyyatların yenidən alovlanmasının qarşısını almaqdan ibarətdir. Burada müntəzəm olaraq insidentlər baş verir və insanlar həyatlarını itirirlər".
Regiona səfəri barədə danışan həmsədr bildirib ki, o buradakı vəziyyəti bütün tərəflərdən öyrənmək istəyib.

C.Uorlikin sözlərinə görə, bütün tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq istərdi və heç bir tərəf münaqişənin yenidən bərpa olunmasını istəmir: "Münaqişənin bərpası ən pis haldır. Sözsüz ki, biz bir daha regionda bu kimi münaqişəni görmək istəməzdik. Mən davamlı sülhə gətirib çıxaran konstruktiv yolu tapmaq üçün bütün tərəflərlə birgə işləmək niyyətindəyəm".

Amerikalı həmsədrin sözlərinə görə, bütün tərəflər əhalisini müharibəyə deyil, sülhə hazırlamalıdır: "Bütün tərəflər təkcə münaqişənin həllini tapmaq üzərində işləməməli, həmçinin gələcəkdə böyük sülhə və firavanlığa gətirib çıxaracaq həll yolu üçün əhalini maarifləndirməlidir".

C.Uorlikin sözlərinə görə, irəliyə getmək üçün tərəflərin siyasi iradəsi vacibdir: "Və bu o deməkdir ki, bütün tərəflər kompromisləri qəbul etməlidir".

Həmsədrin sözlərinə görə, münaqişənin aktivləşməsi nə Azərbaycan, nə də Ermənistan xalqının maraqlarına cavab verir./trend/


Teqlər:  





Xəbər lenti