Əlikram Hümbətovla bağlı bəyanat

Əlikram Hümbətovla bağlı bəyanat
  27 Sentyabr 2013    Oxunub:1127
Benilüks Azərbaycanlıları Konqresi (BAK) Əlikram Hümbətovun Ermənistana səfəri ilə bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, BAK Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü parçalamaq məqsədi ilə separatçı qüvvələrin başında duran və buna görə də Azərbaycan Respublikasının Vətəndaşlıq Aktlarına əsasən vətəndaşlığına xitam verilmiş, ölkədən qovulmuş Əlikram Hümbətovun öz separatçı siyasətini xaricdə davam etdirməsini pislədiyini bəyan edib.

Bəyanatda deyilir ki, min illik dövlətçilik tarixi olan, ərazisində Azərbaycan türklərindən başqa, azsaylı xalqların yaşadığı Azərbaycan Respublikası vaxtaşırı separatçı qüvvələrlə üz-üzə gəlib. Bildirilib ki, indiyə qədər bütün separatçı əməlləri ilə yanaşı Əlikram Hümbətovun indi də Ermənistana səfər etməsi Avropada yaşayan azərbaycanlıların hiddətinə səbəb olub: “Azərbaycan Respublikasının vətəndaşı olmayan, ölkədən qovulan bir şəxsin işğal olunmuş Dağlıq Qarabağa səfər etməsi Azərbaycan sərhədlərinin pozulması kimi qiymətləndirilir. İki separatçı rejimin birləşərək dövlətimizə qarşı yönəlmiş bu addımı Dağlıq Qarabağ sülh danışıqlarına da xələl gətirə bilər”.

Bəyanatda daha sonra Azərbaycanın ağır illərində azsaylı xalqların da nümayəndələrinin silahlanaraq vətənin müdafiəsinə qalxması və bu mübarizədə canlarını qurban verməsi xatırladılır: “Talış xalqının yüzlərlə, bəlkə minlərlə oğlu Qarabağda şəhid olub. Onların ruhu heç vaxt Əlikram Hümbətov kimi vətənsiz xaini bağışlamaz”. Bütün bunları və Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasının vacibliyini nəzərə alan Benilüks Azərbaycanlıları Konqresi bəyan edib ki, separatçı və vətənsiz Əlikram Hümbətov xaricdəki Azərbaycan icması tərəfindən ictimai qınağa çevrilməli, onun Dağlıq Qarabağa səfəri Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilməli, Avropa ölkələrində Əlikram Hümbətovla birgə Azərbaycan səfirliyi qarşısında aksiya keçirən qruplar separatçı rejimi dəstəkləyən qüvvələr hesab edilməlidir.


Teqlər:





Xəbər lenti