Böyrək və qaraciyər köçürülmələrinin sayı artıb- AÇIQLAMA

Böyrək və qaraciyər köçürülmələrinin sayı artıb-  AÇIQLAMA
  27 Sentyabr 2013    Oxunub:1212
`Son illər Azərbaycan Respublikasında orqan transplantasiyası müvəffəqiyyətlə həyata keçirilir. Səhiyyə müəssisələrində böyrək və qaraciyər köçürülmələrinin sayı durmadan artır.`
Bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev onlayn- konfransda jurnalistlərin suallarını cavablandırarkən deyib.

`2012-ci ildə böyrək köçürülənlərin sayı 41 nəfər, qaraciyər köçürülənlərin sayı isə 12 nəfər olub. 2013-cü ilin 6 ayı ərzində isə 24 nəfərə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb. Hal-hazırda sümük iliyi nəqlinə başlanması üçün hazırlıq işləri gedir`.

E. Ağayev həmçinin ölkədə bəzi xəstələrin dövlət hesabına pulsuz dərmanlarla təminatının hansı səviyyədə olduğunu, neçə adda dərmanın dövlət hesabına pulsuz verildiyini və onların daha çox hansı növ xəstəliklərə aid olduğuna da aydınlıq gətirib.

`Bu gün ölkədə xəstələrin bir çox qrupu dövlət tərəfindən pulsuz dərman vasitələri ilə təmin olunurlar. Belə ki, Azərbaycan Respublikasının əhalisinə zəmanətli tibbi yardımın təmin edilməsi barədə Səhiyyə Nazirliyinin 01.12.2005-ci il tarixli əmrinə əsasən stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri pulsuz verilir. Bundan başqa müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə (şəkər xəstələri, I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və s.) 99 adda dərman preparatları pulsuz paylanılır. Həmçinin, 2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunmuşdur və hazırda da onların həyata keçirilməsi uğurla davam etdirilir. Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 3,6 dəfədən çox artaraq 180 minə çatıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi də əhəmiyyətli dərəcədə aşağı enib. Onkoloji xəstəliklərin aşkarlanması yaxşılaşıb, bu xəstəlikdən ölüm halları azalmışdır. Bu qrup xəstələr də lazımi dərman vasitələri ilə dövlət tərəfindən pulsuz təmin olunurlar. Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il Respublikanın bölgələrində yeni dializ mərkəzləri açılır. Hazırda respublikamızda 27 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları alır ki, bunlar da lazımi dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur`- deyə E .Ağayev qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti