Prezident yarımstansiyanın açılışında – FOTOLAR

Prezident yarımstansiyanın açılışında – FOTOLAR
  26 Sentyabr 2013    Oxunub:1215
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya ilə tanış olub.

Bu yarımstansiya Heydər Əliyev adına neft emalı zavodunu və ətrafdakı digər sənaye obyektlərini elektrik enerjisi ilə təchiz etmək üçün 1980-ci ildə inşa edilib. Ötən müddət ərzində yarımstansiyadakı avadanlıq istismar müddətini başa vurub. Yarımstansiya artıq müasir tələblərə cavab vermirdi. Nəticədə köhnə 110/6 kV-luq yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir qapalı tipli 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya tikilib istismara verilib. Ondan qidalanan 3 yeni 35/6 kV-luq “Koroğlu”, 208 və 217 nömrəli yarımstansiyalar da inşa edilib. Bu yarımstansiyalar qapalı tipli olmaqla, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizəsi sistemi quraşdırılmaqla SCADA sisteminə qoşulub.

Yarımstansiyanın istismara verilməsi ilə şəbəkədə 8 faiz güc artımı yaradılıb, ümumiyyətlə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətə başladığı 2006-cı ildən indiyədək şəbəkədə güc artımı 90 faizə çatıb.

Prezident İlham Əliyev yarımstansiyanın kollektivini salamlayaraq deyib ki, vaxtilə Bakı Elektrik Şəbəkəsi xarici firmaya idarəetməyə verilmişdi. Nəticəndə demək olar ki, olan-qalan təsərrüfat da tamamilə dağıdılmışdı. Bakıda saatlarla fasilələr yaranırdı, elektrik təchizatı çox aşağı səviyyədə idi və əlbəttə ki, bu, əhalinin haqlı narazılığına səbəb olurdu: “Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakı Elektrik Şəbəkəsi dövlətə qaytarıldı. İdarəetmə artıq dövlət nəzarətinə keçdi və yeni inkişaf dövrü başlandı. Həm şəbəkənin əməkdaşları peşəkarlıq nümayiş etdirirlər, eyni zamanda, dövlət büdcəsində hər il şəbəkənin inkişafına əsaslı vəsait, kapital qoyuluşu nəzərdə tutulur. Bax, bu iki istiqamətin inkişafı nəticəsində bu gün Bakıda elektrik təsərrüfatı ən yüksək səviyyədədir”.

Prezident deyib ki, son on il ərzində Azərbaycanda 2800 meqavata qədər yeni enerji gücü yaradılıb, 14 elektrik stansiyası tikilib. Demək olar ki, bizim mövcud olan enerji potensialımızın 50 faizi son on ildə yaradılıb: “Bizim indi kifayət qədər enerji gücümüz, stansiyalarımız var. Bizim bir dənə də olsun elektrik stansiyamız artıq köhnə qayda ilə işləmir. Şərti yanacağın sərfiyyatı da çox aşağı səviyyədədir. Beləliklə, biz Bakıda, bax bu şəbəkənin yeniləşməsi ilə bağlı olan əsas məsələləri həll etmişik. İndi mənə məlumat verildi ki, hələ 12 yarımstansiyanın təmirinə ehtiyac vardır, eyni zamanda, bölgələrdə. Mən indi bölgələrdə tez-tez oluram. Bizdə elə yerlər vardır ki, orada şəbəkələr yaxşı vəziyyətdə deyil. Bu gün “Azərenerji”yə tapşırıq verilib ki, bölgələrdə də şəbəkəni normal səviyyəyə çatdıraq ki, heç bir fasilə olmasın. Əslində fasilə olmamalıdır. Çünki kifayət qədər enerji gücümüz vardır. Fasilə ondan olur ki, bəzi şəbəkələr, xətlər nasaz vəziyyətdədir. O köhnə dirəklər, ağac dirəklər hələ də var. Onlar tədricən aradan götürüləcək və Bakıda yüksəkgərginlikli xətlər yerin altına salınacaq, necə ki, bax burada mənə göstərildi. Ona görə biz gələcəyə nikbinliklə baxırıq. Mən əminəm ki, növbəti illərdə Bakı Elektrik Şəbəkəsinin sərəncamında olan bütün təsərrüfat ən yüksək səviyyədə, bu səviyyədə olacaq”.

Prezidentin sözlərinə görə, nəzərə alsaq ki, ölkəmiz və Bakı inkişaf edir, biz tələbatı qabaqlamalıyıq: “Bax, bu zonada tikilən Olimpiya Stadionu, Gimnastika Mərkəzi, Neft Şirkətinin ofisi, Dövlət Neft Fondunun ofisi, digər ofis binaları və sənaye müəssisələri tələb edir ki, bizdə enerji güclərimiz tələbatı daim üstələsin. Biz bu yolla gedəcəyik. Əminəm ki, gələcəkdə yeni yarımstansiyaların tikintisinə ehtiyac olacaqdır. Çünki Azərbaycanın inkişafı o qədər güclüdür ki, 5-10 ildən sonra bax indiki güclər bizə kifayət etməyəcək”.

Dövlət başçısı deyib ki, indi iqtisadiyyatımızın əsas hissəsi özəl sektora məxsusdur. Ancaq strateji obyektlər mütləq dövlətin sərəncamında olmalıdır. Bu obyektlər insanlara qulluq edir. Bu obyektlərə qoyulan vəsait kommersiya xarakteri daşımır. “Barmek” olanda, bax bu şəbəkəyə yalnız gəlir mənbəyi kimi baxırdılar. Baxırdılar ki, harada daha nə oğurlasınlar. Ancaq bu obyektlərə dövlət sərmayəsinin qoyuluşu sırf sosial xarakter daşıyır. Ona görə strateji obyektlər dövlətin sərəncamında olmalıdır. Postsovet məkanında, hesab edirəm ki, Azərbaycanın təcrübəsi özünü doğrultdu. Bizdə bütün strateji obyektlər dövlətin əlindədir. Dövlət bu obyektləri saxlamaqla inkişaf etdirir, insanlara xidmət göstərir”.

Qalereya




Teqlər:





Xəbər lenti