ABŞ, Rusiya və Fransaya verilən mühüm Qarabağ mesajları - ŞƏRH
Dövlət başçısı Münxendən həmsədrlə ölkələrə - ABŞ, Rusiya və Fransaya mesajlarını çatdırıb:
“Rusiya, sizin də bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları və Fransa ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Qrupun mandatı münaqişənin həll olunmasına kömək etməkdir. Ümid edirik ki, ATƏT-in Minsk qrupu, onun həmsədrləri bu gün ilə müqayisədə daha da fəal olacaqlar. Əlbəttə ki, Azərbaycan cari vəziyyətlə razılaşa bilməz. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 20 ildən də artıq müddətdən əvvəl qəbul olunub və onlar kağız üzərində qalmaqdadır. ATƏT-in Minsk qrupunun həmsədri olan bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bu isə o deməkdir ki, bu qətnamələr onların iştirakı ilə qəbul olunub. Onlar bu qətnamələrin qəbul olunmasına etiraz etməyiblər. Lakin qətnamələr icra olunmayıb və dünyanın bu aparıcı ölkələri işğal olunmuş ərazilərdən geri çəkilmək üçün təcavüzkar Ermənistana kifayət qədər təzyiq göstərə bilmirlər”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, ölkə başçısı Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyini çox ciddi şəkildə ortaya qoyub:
“Dövlət başçısının çıxışını izlədim. Konkret suallar verildi. Hətta bir rusiyalı jurnalistin “Azərbaycan prezidenti Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolunu necə qiymətləndirir?” sualı oldu. Prezident İlham Əliyev konkret dedi ki, münaqişənin həlli üçün üç həmsədr ölkə var və hər üçü münaqişənin həllində hələlik pozitiv rol oynamır. Halbuki, Ermənistana təsir olsa, münaqişəni daha tez həll etmək olar. Ölkə başçısı onu da vurğuladı ki, bu üç ölkə - ABŞ, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasının üzvüdür. 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması ilə bağlı qəbul olunan 4 qətnaməyə bu üç üzv də səs verib. Bəs niyə yerinə yetirilmir? Bu suallar Münxen Təhlükəsizlik Konfransında çox ciddi şəkildə qoyuldu”.
E.Şahinoğlunun fikrincə, son zamanlar rəsmi Bakının Rusiyanın Dağlıq Qarabağla bağlı siyasətindən narazı olduğu hiss olunur: “Çünki, rusiyalı rəsmilər açıq şəkildə Ermənistana dəstək verdiklərini gizlətmirlər. Xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”, yaxud “Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması status müzakirələrinə paralel getməlidir” kimi açıqlamaları əslində Ermənistanın maraqları ilə üst-üstə düşür. Bu baxımdan rəsmi Bakının Rusiya siyasətində korrektə hiss edirəm. Çünki, Lavrovun cavabını həm xarici işlər naziri Elmar Məmmədyarov, həm də ölkə başçısı İlham Əliyev Milli Qəhraman Çingiz Qurbanovu ailəsini qəbul edərkən verdi. Prezident dedi ki, Dağlıq Qarabağ məhz Azərbaycanın daxili işidir.
Son olaraq Dağlıq Qarabağda keçirilən “referendumu” xatırlatmaq lazımdır. Ermənilər çalışıblar ki, “seçkiyə” bəzi ölkələrdən “müşahidəçilər” gətirsinlər. Özləri kimi separatçı bölgələrdən – Abxaziya və Cənubi Osetiyadan kimlərisə gətirdilər. Anladıq ki, separatçılar bir-birinə dəstək verir. Axı Abxaziya və Cənubi Osetiya tamamilə Rusiyanın siyasi, iqtisadi, hərbi nəzarəti altındadır. Rusiya istəydi, “nümayəndələri” “seçkini” izləməyə şərait yaratmazdı. Amma, bunu etmədi. Belə çıxır ki, Rusiyanın özü də bu “referendum”da maraqlı olub. Yəni, münaqişənin həllinə maraq göstərmir. Buna da etirazı Azərbaycan prezidenti zaman-zaman dilə gətirir. Münxen Təhlükəsizlik Konfransında söylədiyi fikirlər də əslində buna işarə idi”.
Politoloq Fikrət Sadıqov isə bildirib ki, ölkə başçısı Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı məqamları tam şəkildə açıqlayıb: “Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransındakı panellərdə çıxışı zamanı bir daha bəyan etdi ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaq. Eyni zamanda Dağlıq Qarabağda “referendum” adı altında keçirilən tədbirlərin tam qanunsuz olduğunu vurğulandı. Ölkə başçısı bunun həm Azərbaycan konstitusiyasına, həm də beynəlxalq hüququn normalarına zidd addım olduğunu bildirdi. Həmçinin aparıcı dövlətlərin nümayəndələrinə müraciət edərək, münaqişənin həll olunmamasına görə iradlarını bildirdi. Prezident çıxışı zamanı aparıcı dövlətlərin münaqişəyə yanaşmasını tənqid edərək, onları ikili standartlara yol verməməyə çağırdı. Sirr deyil ki, aparıcı dövlətlər münaqişlərə fərqli münasibət bəsləyir. Ona görə də hesab edirəm ki, işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana sanksiyaların tətbiq edilməsini vaxtı çatıb. Bütün bunlarla bağlı ölkə başçısı konfransda çox prinsipial mövqe sərgilədi. Çox istərdim ki, Azərbaycan prezidentinin bu mövqeyini aparıcı dövlətlərin başçıları yaxşı dərk etsinlər və nəticə çıxarsınlar”.
Rusiyanın Azərbaycanın strateji partnyoru olduğunu deyən F.Sadıqov hesab edir ki, bu ölkənin özü də münaqişənin həllində maraqlıdır: “Reallıq odur ki, Rusiya Ermənistanı dəstəkləyir və dayaq nöqtəsidir. Düşünmürəm ki, Rusiya nə vaxtsa, Ermənistana dəstəyindən əl çəkəcək. Bu, əsrlər boyu nümayiş olunmuş dəstəkdir. Biz buna görə Rusiya ilə münasibətlərimizi pozmaq fikrində deyilik. Azərbaycan Rusiya üçün yaranmış geosiyasi vəziyyətdə daha maraqlıdır, nəinki Ermənistan. Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətdir. Bu baxımdan hesab edirəm ki, Rusiyanın özü də münaqişənin həllində maraqlıdır. Bu baxımdan prezident Münxendə açıq şəkildə Azərbaycanın prinsipial mövqeyini ortaa qoydu və həmsədr ölkələri münaqişənin həllində fəallıq göstərməyə çağırdı”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: