Şimal bölgəsində vəziyyət necədir?

Şimal bölgəsində vəziyyət necədir?
  28 Yanvar 2017    Oxunub:1597
Yanvarın 27-dən başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır.

Qarın yağması ilə əlaqədar şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, bütün istiqamətlərdə yollar açıqdır.

Quba-Xınalıq yolunun 30-38-ci kilometrliklərində qarın hündürlüyü 30 santimetrdən çoxdur. “Azəravtoyol” ASC-nin yerli qurumlarının növbətçi briqadaları yolu qardan təmizləyərək avtomobillərin hərəkətini təmin edir. Əraziyə səhər saat 5-dən başlayaraq ağır texnika və canlı qüvvə cəlb olunub. Qubanın digər dağlıq ərazilərindəki yollarda da təhlükəsizlik tədbirləri görülüb, qum-duz qarışığı səpilib.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının II taqım komandiri Arzu Pirəliyev Azərtac-a bildirib ki, qarın yağması ilə əlaqədar şimal bölgəsi üzrə xidmət apardıqları yollarda bütün qabaqlayıcı tədbirlər görülüb. Qarlı və şaxtalı havada sürücülərə xüsusi qış təkərlərindən istifadə etmək, avtomobillərində zəncir, kəndir və s. lazımi avadanlıqların olmasını təmin etmək, məcbur qalmadıqda ötmə hərəkəti etməmək, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmaq məsləhət görülür.

Şimal bölgəsində ən çox qar Quba rayonunun dağlıq ərazilərinə düşüb. Bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 21 santimetrə çatır. Temperatur isə mənfi 14 dərəcəyədək enib.

Qar yağması yollarda çətinliklər yaratsa da, belə havada dincəlmək istəyənlərin, xüsusilə uşaqların sevincinə səbəb olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti