Ukraynaya “müvəqqəti” təslim olmaq təklif edilir

   Ukraynaya “müvəqqəti”    təslim olmaq    təklif edilir
  02 Dekabr 2024    Oxunub:400
Ərazi itkiləri olmadan Ukraynada müharibənin tezliklə başa çatması qeyri-realdır. Sülh üçün Kiyev Rusiyanın zəbt etdiyi ərazilərdən əl çəkməli ola bilər.
AzVision.az Almaniyanın “Welt” telekanalına istinadən xəbər verir ki, belə bəyanat səsləndirən NATO-nun keçmiş baş katibi Yens Stoltenberq ərazilərin “itirilməsi”nin müvəqqəti hal olacağını iddia edib.

“Əgər atəşkəs xətti Rusiyanın işğal etdiyi bütün ərazilərə nəzarəti davam etdirməsi deməkdirsə, bu, Ukraynanın həmin ərazidən həmişəlik imtina etməli olması demək deyil. Ərazinin müvəqqəti verilməsi müqabilində Ukraynanın təhlükəsizlik zəmanəti alması vacibdir. Bu, NATO-ya üzvlük ola bilər, lakin ukraynalıları silahlandırmaq və dəstəkləmək üçün başqa yollar var”, - Stoltenberq iddia edib.

O, Volodimir Zelenskinin atəşkəs olacağı təqdirdə heç bir ərazini Rusiyaya verməmək tələbini dəstəkləsə də, Ukraynadakı hərbi vəziyyətə görə bunu mümkünsüz sasyır.

- Bizə atəşkəs xətti lazımdır və təbii ki, bu xətt ideal olaraq Rusiyanın hazırda nəzarət etdiyi bütün əraziləri əhatə etməlidir. Lakin yaxın gələcəkdə bunun tam real olmadığını görürük”, - NATO-nun sabiq baş katibi vurğulayıb.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın “Kyodo News” informasiya agentliyinə müsahibəsində Ukrayna ordusunun müstəqil şəkildə itirilmiş əraziləri geri qaytarmaq zorunda olmadığını etiraf edib.

Kiyevin sülh üçün diplomatik yollar axtaracağını bildirən Zelenski, tərəfdaşlar tərəfindən Kiyevə dəstəyin qənaətbəxş olmadığını vurğulamaqla yanaşı, NATO-nu mümkün qədər tez Ukraynanı alyansa üzvlüklə bağlı danışıqlara dəvət etməyə çağırıb.

“Ölkənin Rusiya tərəfindən işğal edilçiş bəzi hissələrini, o cümlədən Krımı Ukrayna Silahlı Qüvvələrinin zorla geri qaytarması çətindir. Ordumuzun buna gücü çatmır. Bu doğrudur. Biz diplomatik həll yolları tapmalıyıq. Rusiyanın Ukraynaya qarşı yeni təcavüzə başlamaması üçün belə addımlara yalnız kifayət qədər güclü olduğumuzu bildiyimiz zaman baxıla bilər. Hazırda isə müharibə çətin dövrə qədəm qoyub”, - Zelenski deyib.

İstər Zelenskinin, istərsə də Ukraynanı Rusiya ilə ölümcül müharibəyə sürükləmiş kollektiv Qərbin təmsilçilərinin ritorikalarındakı son zamanlar müşahidə olunan mülayimləşmə onların artıq “Ukraynanın zəbt edilmiş əraziləri geri qaytarılmayana qədər müharibə davam etdiriləcək” şüarından geriu çəkildiklərini sübuta yetirir.

Özü də bu metamorfozaya səbəb heç də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın və onun komandasının Ukrayna probelminə fəqrli mövqedən yanaşması deyil. Əksinə Trampın bu mövqeyi Ukraynanı meydanda tək qoyub qaçmaq üçün onların əlində yaxşı bəhanədir. Tarixi faktlar kollektiv Qərbin ənənəvi qaydada məhz belə “etibarlı” siyasət yürütdüyünə şahidlik edir. İfrat anti-Rusiya mövqeyi ilə seçilən Yens Stoltenberqin Ukraynaya “müvəqqəti” olaraq ərazi itkiləri ilə razəlaşmağı təklif etməsi də elə həmin rəzil siyasətin tərkib hissəsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Stoltenberq   Ukrayna   ərazilər  





Xəbər lenti