Rumıniyada hakim partiya revanş götürür
Açıqlanan məlumatlara görə, ilkin səsvermənin liderləri – Sosial-Demokratlar Senatda 23,29%, Deputatlar Palatasında isə 22,89% səs toplayır. Hər iki palatada ikinci yeri “Rumınların Birliyi Alyansının (AUR)” təmsilçiləri tutur (müvafiq olaraq 17,92% və 17,59%).
İlk üçlüyü 14,62% və 13,82% səslə Milli Liberal Partiyası (MLP) tamamlayır. Dördüncü yerdə Rumıniyanın Qurtuluş İttifaqı (USR) qərarlaşıb. Onun namizədləri əvvəllər Senat seçkilərində 11,73%, Deputatlar Palatasında isə 11,77% dəstək qazanmışdılar.
Rumıniyada parlament seçkiləri prezident seçkilərinin birinci turundan bir həftə sonra keçirilir. Əvvəllər “Rumınların Birliyi Alyansı”nın üzvü olan müstəqil namizəd Kelin Corcesku həmin seçkilərdə gözlənilməz qələbə qazanıb. İkinci yeri Qurtuluş İttifaqının lideri Yelena Laskoni tutub.
Sorğuların böyük qələbə qazanacağını proqnozlaşdırdığı ölkənin baş naziri, Sosial-Demökratların (PSD) nümayəndəsi Marçel Colaku 19,15% səslə üçüncü yeri tutduqdan sonra partiyasının rəhbəri postunu tərk etmək qərarına gəlib. PSD-nin Milli Şurasının sədri Mixay Tudose partiyanın gələcək hökumətdə baş nazir postuna öz namizədini irəli sürmək istədiyini, lakin digər variantları da istisna etmədiyini bildirib.
Eyni zamanda, noyabrın 28-də Rumıniyanın Konstitusiya Məhkəməsi aşkarlanmış pozuntulara görə Mərkəzi Seçki Bürosuna (MKB) birinci turun nəticələrini yenidən saymağı tapşırıb.
“Əgər məhkəmə səsvermənin nəticələrini təsdiqləməsə, onun təkrar keçirilməsi lazım gələcək”, - MKB-nin rəhbəri Toni Qreble xəbərdarlıq edib.
Xatırladaq ki, Rumıniya prezident-parlament respublikasıdır, dövlət başçısı Xarici və Təhlükəsizlik siyasətini müəyyənləşdirir, Silahlı Qüvvələrin Ali Komandanı kimi fəaliyyət göstərir və Kəşfiyyat xidmətlərinə nəzarət edir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rumıniya parlament seçkilər