Laçının azadlığından 4 il ötür

      Laçının azadlığından 4 il ötür
  01 Dekabr 2024    Oxunub:603
Prezident İlham Əliyev Laçının Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib: “Zəfər tariximiz – Laçının Ermənistan işğalından azad edilməsindən dörd il ötür”.
Strateji cəhətdən əlverişli mövqedə yerləşən Laçın rayonu dörd il əvvəl erməni hərbi birləşmələrinin işğalından azad edilib. Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən 2020-ci il, dekabrın 1-də erməni hərbi birləşmələri Laçın rayonunun ərazisindən çıxdı və bununla da otuz ilə yaxın davam edən işğala son qoyuldu. Daha bir rayon bir güllə atılmadan, bir şəhid vermədən və öz əzəli sahibinin nəzarətinə keçdi.


127 yaşayış məntəqəsindən ibarət olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl rayonda 65 min nəfər əhali yaşayırdı.
4 ildə Laçında hansı işlər görülüb

Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olub, 67 nəfər itkin düşüb, yüzlərlə uşaq valideynlərindən birini, 31 uşaq isə hər iki valideynini itirib. 65 nəfər girov götürülüb, 103 nəfər sağlamlığını itirib.

İşğal illərində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalat müəssisəsi talan və məhv edilib. Rayonda mövcud olmuş 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə dağıdılıb. Onların sırasında VI əsrə aid Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq da var.


İşğal dövründə rayonun meşə fondunun əhəmiyyətli hissəsi məhv edilib. 240 hektar ərazisi olan Qaragöl Dövlət Təbiət Qoruğu və 20 min hektar ərazisi olan Laçın Dövlət Təbiət Yasaqlığına işğal dövründə çox böyük ziyan vurulub.

Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2022-ci ilin avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürüb. Təslimçilik razılaşmasına məcbur edilən Ermənistanın işğal etdiyi sonuncu rayonu tərk etməsi və milli qoşun birləşmələrinin bölgəyə girməsi ilə Laçın şəhəri üçün yeni mərhələ başlanıb. Nəhayət, sentyabrın 21-də Prezident, Ali Baş Komandan İlham Əliyev şəhərdə Azərbaycanın Dövlət Bayrağını ucaldıb.


Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə ötən il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaradıldı. Bununla da proses məntiqi sonluğuna çatdı.

Azərbaycanın bütün ərazisində Konstitusiya quruluşunun bərpa edilməsini təmin etmək məqsədilə 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Qarabağ bölgəsində separatçı-terrorçuların 10 mindən çox canlı qüvvəsi, 200-dən çox texnikası təslim oldu. Bundan sonra Laçının daha bir neçə kəndi Azərbaycanın nəzarətinə keçdi.


Teqlər:   Laçın   Zəfər  





Xəbər lenti