Laçının azadlığından 4 il ötür |
Hazırda uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi davam edir. Prezidentin Laçına səfərləri zamanı Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin, Şəlvə və Güləbird kəndlərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyulub.
Laçın şəhərində genişmiqyaslı quruculuq layihələri həyata keçirilib. Şəhərin böyük hissəsi tamamilə yenidən qurulub, ailələrin yaşayışı təmin olunub. Şəhərə ilk köç 2023-cü ilin may ayına təsadüf edib. Həmin il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə ilk qayıdan sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Bundan sonra laçınlılar mərhələli şəkildə doğma yurda geri dönüblər.
Bundan başqa, rayonun Zabux kəndinə və Sus kəndinə sakinlərin qayıdışı təmin olunub. Köçürülən ailələrin vaxtilə yaşadıqları, işğala son qoyulandan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Hazırda həmin proses uğurla davam edir.
Laçın şəhərinin baş plan layihəsində təbii yaşıllıqlarla əhatə edilən təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də istifadəyə veriləcək.
Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkəti təmin ediləcək.
Prezident İlham Əliyevin 2023-cü il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur”.
Keçən il avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olublar. Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub. Rayonda “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları, rayon 2 nömrəli tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib, “Həkəri Balıq Təsərrüfatı”nın, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, avqustun 26-sı ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təxminən 30 min insan məskunlaşıb. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub.