Boşanmalar niyə artır?

   Boşanmalar niyə artır?
  01 Dekabr 2024    Oxunub:519
Bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb.
Azərbaycandan fərqli olaraq bəzi inkişaf etmiş ölkələrdə sosial institut kimi ailə anlayışı əhəmiyyətini itirmək üzrədir. Ər-arvad münasibətləri böhran keçirir. Belə vəziyyətin yaranmasına bir sıra amillər səbəb olur: iqtisadi, dini, əxlaqi dəyərlərin çökməsi...

Mövzu ilə bağlı AzVision.az-a danışan sosioloq Aynur Hacıyeva bildirib ki, boşanmaların artmasının bir neçə səbəbi ola bilər: iqtisadi problemlər, məişət zorakılığı, ailələrə kənar müdaxilələrin təsiri və s.

"İqtisadi vəziyyətin pis olması ailələrin həyatına mənfi təsir göstərir və gərginliklərin, münaqişələrin artmasına, nəticədə boşanmalara səbəb olur. Kənar müdaxilələr də ailələrin dağılmasına gətirib çıxarır. Boşanmalardan daha cox zərər çəkən tərəf qadınlar və uşaqlar olur".

İki ayda 3456 ailə boşanıb
Sosioloqun fikrincə, ailənin təməli elə qurulmalıdır ki, kənar müdaxilələr və digər faktorlar onun parçalanmasına gətirib çıxarmasın: "Gənclər ailə quran zaman daha çox problemlərlə mübarizə aparır. O qədər yüklənirlər ki, gələcək üçün ailə təməlinin və münasibətlərin nizamlanması ilə bağlı heç bir planlama etmirlər. Nəticədə çox yorulan ailə fərdləri kiçik bir anlaşmazlığa görə yaranan böyük bir münaqişə ilə boşanmaya doğru gedə bilirlər.

Boşanmaların artmasının qarşısını almaq üçün xidmət, dəstək proqramlarının genişləndirilməsi və hər kəs üçün əlçatan olmasını təmin etmək artıq vacib şərtlərdən biridir. Ailə həyatına qədəm qoymadan öncə gənc cütlüklər üçün psixoloji və marifləndirilmə proqramları olmalıdır ki, sonradan çətinlik çəkməsinlər".

Həmidə ibrahimova
AzVision.az


Teqlər:   boşanma   nikah   ailə  





Xəbər lenti