“ABŞ Qarabağ münaqişəsinin həllində səylərini artıracaq” - Səfir
ABŞ-ın Azərbaycandakı səfiri R. Sekuta isə bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. O qeyd edib ki, ABŞ hökuməti tərəfindən məcburi köçkünlər üçün məktəb binalarının tikintisi, onların təmiri, ingilis dili kurslarının təşkili, su təchizatının yaxşılaşdırılması kimi layihələr həyata keçirilib və bundan sonra da bu istiqamətdə prioritet təşkil edən layihələr davam etdiriləcək: “Bugünki görüşün məqsədi məhz gələcəkdə həyata keçiriləcək layihələrin daha prioritet sahələrə yönəlməsi ilə bağlı müzakirələr aparmaqdır. Bu günlərdə Abşeron rayonunda məcburi köçkünlərlə bağlı yeni bir layihənin başlanması nəzərdə tutulur”.
R. Sekuta diqqətə çatdırıb ki, Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi bu yaxınlarda istismara veriləcək. Həmin müəssisə orada və ətraf rayonlarda kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək, sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına və işlə təmin olunmasına köməklik göstərəcək. Əli Həsənov isə deyib ki, Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 ev tikilərək sakinlər öz doğma torpaqlarına qayıdıblar, müvafiq infrastruktur obyektləri ilə birlikdə daha 100 evin tikintisi də başa çatdırılıb və yaxın zamanlarda digər sakinlər də öz kəndlərinə qayıdacaqlar: “Bunları nəzərə alaraq sakinlər arasında reabilitasiya, iş qabiliyyətinin, milli adət-ənənələrinin bərpası kimi proqramların həyata keçirilməsi məqsədə uyğun olardı. Ötən ilin noyabırında Tərtər rayonunda açılışı olan yeni yaşayış kompleksi də əslində işğaldan azad edilmiş torpaqlarda tikilib”.
Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. R. Sekuta ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını, rəsmi Vaşinqton münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb:
“Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən və tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq”.
AzVision.az