“Çıxışımın qanun pozuntusuna çox ciddi təsiri olacaq”

“Çıxışımın qanun pozuntusuna çox ciddi təsiri olacaq”
  26 Aprel 2013    Oxunub:1149
Yaxın günlərdə Bakı Dövlət Universitetinin yataqxanalarından köçürülmə prosesi başa çatacaq. Bunu jurnalistlərə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov deyib.
O bildirib ki, məcburi köçkünlərin köçürülmə prosesi davam edir və qanun pozuntuları tam olaraq aradan qaldırılıb: “Bakı Dövlət Universitetinin yataqxanalarından məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir həftə bundan öncə yaranan problemlər haqqında fikirlərimi bildirmişəm. Hesab edirəm ki, çıxışımın bu qanun pozuntusuna çox ciddi təsiri olacaq. Məcburi köçkünlərin köçürülmə prosesi davam edir. Və qanun pozuntuları tam olaraq aradan qaldırılıb. Yaxın günlərdə BDU yataqxanalarından köçürülmə prosesi başa çatacaq. Daha sonra isə Masazır qəsəbəsində salınan yataqxanalara Dövlət Neft Akademiyasının yataqxanalarında olan köçkünlər köçürüləcək. Sonra isə Mingəçevir şəhərində salınan yataqxanalara köçürülmə başlanılacaq.

Beləliklə, keçən il ərzində tikilmiş qəsəbələrə 20 mindən çox məcburi köçkünün köçürülməsi bir -iki aya başa çatacaq. Qobu məsələsi ilə bağlı isə birinci dəfə müzakirə keçirmişik. İkinci müzakirədən sonra tam məlumat verə bilərəm. Bir daha deyirəm, Qobuda salınacaq şəhərcik müvəqqəti yaşayış üçün nəzərdə tutulub. Köçkünlər öz doğma yurdlarına qayıtdıqdan sonra isə həmin qəsəbə prezident necə məsləhət görürsə o məqsədlər üçün istifadə olunacaq və ya Abşeron rayon İcra Hakimiyyətinə veriləcək”.

Məcburi köçkünlərin kommunal xidmətlərinin ödənilməsi ilə bağlı da danışan Əli Həsənov bildirib ki, hər ay qanun çərçivəsində kommunal xidmət orqanlarına pul ödənilir: ”Burada yaranan problemlər odur ki, insanlar bir yerdən digərinə köçürülərkən onlar vaxtında yerləşdirilsin və siyahısı tutulsun. Bununla bağlı problemlər olur. Hər hansısa problem yaranarsa, operativ şəkildə həll olunar”.


Teqlər:  





Xəbər lenti