Əbu-Dabidən Bakıya birbaşa aviareys açıldı
“İlk reys “EY297” martın 2-də göyərtəsində “Etihad Airways” aviaşirkətinin rəhbər heyəti, diplomatlar, KİV təmsilçiləri və digərlərinin də daxil olduğu xüsusi nümayəndə heyəti ilə Əbu-Dabidən uçub. Heydər Əliyev Beynəlxalq Aeroportuna enən təyyarə ənənəvi "su arkası" ilə qarşılanmış, pilot kabinəsindən Azərbaycan və BƏƏ-nin bayraqları dalğalanıb.
Elə həmin gün AZAL QSC-nin Prezidenti Cahangir Əsgərov və “Etihad Airways” aviaşirkətinin Baş İcraçı Direktoru Piter Baumqartnerin görüşü keçirilib. Görüşdə Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcılarının əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub.
““AZAL və “Etihad Airways” mülki aviasiya sahəsində köhnə tərəfdaşlardır. Azərbaycan və BƏƏ-ni müntəzəm sərnişin daşımaları əlaqələndirir, aviaşirkətlər arasında birgə reyslərin açılması isə Azərbaycan vətəndaşlarına uçuşların coğrafiyasını daha da genişləndirməyə imkan verəcək, əlavə turist axını cəlb edəcək və işgüzar səfərlər üçün daha çox imkanlar yaradacaq”, - deyə AZAL QSC-nin prezidenti bildirib.
Piter Baumqartnerin sözlərinə görə, yeni reys BƏƏ-dən sərnişin axınının daha da artmasına və iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə səbəb olacaq. “Əbu-Dabi və Bakını birləşdirən müntəzəm reyslərin açılmasına çox şadıq. 2015-ci ildə Azərbaycan tərəfindən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza alınması proqramı ölkəyə olan marağı əhəmiyyətli dərəcədə stimullaşdırdı ki, bu da yüksək turist axını artımına səbəb oldu”, - “Etihad Airways” aviaşirkətinin Baş İcraçı Direktoru qeyd edib.
AzVision.az
Teqlər: AZAL