Dövlət Komitəsi yanında İctimai Şuranın ilk iclası keçirilib
DQİDK-ın qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran Mübariz Qurbanlı Komitə yanında yaradılan İctimai Şuranın bu sahədə atılan növbəti uğurlu addım kimi dəyərləndirib. O, İctimai Şuranın üzvlərinə Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. İki il müddətinə fəaliyyət göstərəcək İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev sədr, Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə sədr müavini, Yeni Üfüq İctimai Birliyinin sədri Sevinc Əzimbəyli isə katib seçiliblər.
İclasda çıxış edən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev DQİDK-ın vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs edib. Ə.Nuriyev Dövlət Komitəsi tərəfindən cəmiyyətin maarifləndirilməsi istiqamətində aparılan işlərin önəmini qeyd edərək, İctimai Şuranın bu tədbirlərdə yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
AzVision.az