Sahibkarlar ən çox nədən şikayət edirlər? - RƏSMİ

Sahibkarlar ən çox nədən şikayət edirlər? - RƏSMİ
  14 Fevral 2018    Oxunub:2319
“Araşdırmalar göstərir ki, 2017-ci ildə dövlət orqanlarının aparatlarına daxil olan müraciətlərin 85,5 faizi mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında, 14,5 faizi isə yerli icra hakimiyyətlərində baxılıb. Bu müraciətlərin 72,8 faizi ərizə, 26,7 faizi şikayət, 0,5 faizi təkliflərdən ibarətdir”.
AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib. Onun sözlərinə görə, 2017-ci ildə şəhər, rayon icra hakimiyyətlərinə yuxarı dövlət orqanlarından və bilavasitə vətəndaşlardan daxil olan müraciətlərin faiz göstəriciləri müvafiq olaraq 46,2 və 53,8 faiz təşkil edib:

“Mərkəzi icra hakimiyyəti orqanlarına isə il ərzində müraciətlərin 30,1 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 69,9 faizi bilavasitə vətəndaşlardan daxil olub. Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2017-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş 1624 kollegiya iclasında, müşavirə və toplantıda müzakirəyə çıxarılıb.



Yol verilən nöqsanlara görə 1976 cavabdeh şəxslə bağlı tədbirlər görülüb, o cümlədən 956 nəfərə töhmət və şiddətli töhmət verilmiş, 18 nəfər aşağı vəzifəyə keçirilmiş, 4 nəfərin ixtisas dərəcəsi aşağı salınıb, 143 nəfərin əmək müqaviləsinə xitam verilib, 12 nəfərin vəzifə maaşı azaldılıb, 5 nəfərə cərimə kəsilib, 838 nəfərə xəbərdarlıq edilib. Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 34,7 faizi müsbət həll olunub, 4,7 faizi qismən təmin edilib, 12,5 faizi əsassız sayılıb, 28,3 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilib. Müraciətlərin 16,9 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilib, 2,9 faizi icrada saxlanılıb”.



PA rəsmisi bildirib ki, nəzarətə alınan müraciətlərin 28,2 faizi müsbət həll olunub, 14,1 faizi qismən təmin edilib, 20 faizi əsassız sayılıb, 30 faizinə müvafiq izahat verilib, 6,7 faizinin icrası davam etdirilir, 1 faizinin icrası dövlət proqramlarında nəzərdə tutulub: “Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib. Sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildiriblər”.

AzVision.az



Teqlər: Prezident-Administrasiyası   Süleyman-İsmayılov  





Xəbər lenti